"Kəndimizin azad olunma xəbərini illərdir gözləyirdim" - Umud Rəhimoğlu
    • 28-09-2020, 17:42
    • 803

"Kəndimizin azad olunma xəbərini illərdir gözləyirdim" - Umud Rəhimoğlu

27 sentyabr tarixində Ermənistanın işğalı altında olan Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi Azərbaycan ordusu tərəfindən azad edilib.

Aşağı Əbdürrəhmanlı kəndindən olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 27 illik doğma yurd, oba həsrətini News24.az-la bölüşüb. 

Umud Rəhimoğlu bildirib ki, bu xəbər illərdir gözlənilirdi: “Bizim kəndin bir hissəsini gedib ziyarət etmək olurdu. Ancaq istədiyimiz kimi gəzə bilmirdik, təhlükəli idi. 2016-cı ilin dekabrında axşam saat 8-də telefon işıqlarının altında, əsgərlərimizin dəstəyi ilə atamı erməni snayperlərinin 150 metrliyində dəfn etmişdik. Kəndimiz dağıdılıb, talan olub, viran qalmışdı. İnsanlar kəndə dönə bilmir və öz ev-eşiklərini bərpa edə bilmirdilər. Yurd həsrətindən böyük dərd yoxdur. Bundan böyük ağrı-acı yoxdur. Bu xəbərə çox sevindik. Ordumuza, Azərbaycan əsgərinə biz güvənirdik. 


Bizim işğal altında olan çox sayda torpaqlarımız var. Bütün Qarabağın azad olunmasını istəyirik. Ordumuz bütün istiqamətdə böyük savaşa, mübarizəyə başlayıb. İnşallah qələbə ilə nəticələnəcək”.