Aydın Quliyev: Ermənistan bu müharibənin nə qədər böyük CİNAYƏT olduğunu yaxşı bilir
    • 30-09-2020, 16:29
    • 859

Aydın Quliyev: Ermənistan bu müharibənin nə qədər böyük CİNAYƏT olduğunu yaxşı bilir

“Ermənistan dövləti məhz ərazilərdən geri çəkilmədikləri və Azərbaycan ordusu ilə birlik nümayiş etdirdikləri üçün dinc əhalini hədəf alıb”.

Bunu News24.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, Ermənistanın mülki əhalini əsas hədəflərdən birinə çevirməsi təsadüf deyil: “Bu, bir neçə amildən irəli gəlir. Birinci növbədə onu unutmaq olmaz ki, Ermənistan Azərbaycana qarşı total, təcavüzkar müharibə aparır. Belə müharibələrin xüsusiyyətləri ondan ibarətdir ki, burada təkcə ərazi işğalı ilə iş bitmir. Təcavüzkar ölkə eyni vaxtda qarşı ölkənin mədəniyyətinə, mənəviyyatına, insanlığına, torpağına, ekologiyasına, demoqrafiyasına və ümumiyyətlə, hər şeyinə müharibə aparır. Belə total, təcavükzar müharibə şəraitində Ermənistanın Azərbaycanda mülki əhalini yox, yalnız hərbi obyektləri vurması təsadüf olardı. 

Ermənistan faşist ideologiyasını üstün tutan bir ölkədir. Faşizmin ikinci dünya müharibəsində dinc insanların başına hansı oyunların açdığını hamı bilir. Bu gün Ermənistan dövlət siyasəti səviyyəsində Hitlerə qulluq edən komandirlərin siyasətini əbədiləşdirilirsə, dinc Azərbaycanlılara qarşı faşist davranışları mütləq şəkildə özünü göstərməlidir. Onu da deyək ki, sərhədlərdə yaşayan mülki azərbaycanlılar Ermənistanın təhlükəli siyasətinə baxmayaraq, bir addım da olsun geri çəkilməyiblər. Bu gün də sona qədər Azərbaycan ordusu ilə həmrəylik nümayiş etdirirlər. Ermənistan dövləti məhz ərazilərdən geri çəkilmədikləri və Azərbaycan ordusu ilə birlik nümayiş etdirdikləri üçün dinc əhalini hədəf alıb. Dinc azərbaycanlıların içərisində qadınlara, uşaqlara, qocalara qəti şəkildə rəhm göstərmirlər”.

A.Quliyevin sözlərinə görə, Ermənistan dinc əhalini hədəf almaqla uzaq bir məqsəd güdür: “Məqsəd isə bundan ibarətdir ki, sərhədyanı xəttlərə yaxın ərazidə yaşayan dinc əhali qorxu və xof altında oranı tərk etsin. Hadisələr onu göstərir ki, bircə nəfər də olsun yaşadığı ərazini tərk etməyib. Yaşayıb, müqavimət göstərməkdə davam edirlər. Beləliklə, Ermənistanın bu hədəfi və məqsədi də boşa çıxdığına görə dinc əhaliyə qarşı daha da aqressivləşir. Sonuncu təxribat zamanı öldürülən 11 nəfər mülki əhalinin içərisində beşinin bir ailənin üzvləri və uşaqlar olması Ermənistanı dinc əhaliyə qarşı xüsusi amansızlıqla müharibə aparması qənatinə gəlməyə əsas verir. Ermənistan bu müharibənin nə qədər böyük cinayət olduğunu və humanitar hüquqa zidd davrandığını yaxşı bilir. Bu proses o vaxta qədər davam edəcək ki, Ermənistanın təcavüzünün lazımi qiyməti və cavabı veriləcək”. 

Məhərrəm Əliyev