Baş Nazirin müavini BMT-nin humanitar yardım təklifinə münasibət bildirib
    • 3-10-2020, 12:22
    • 513

Baş Nazirin müavini BMT-nin humanitar yardım təklifinə münasibət bildirib

Baş Nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov oktyabrın 2-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Bu barədə News24.az-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Nazirin müavini Əli Əhmədov Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verib. O qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunları təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Baş Nazirin müavini bildirib ki, Azərbaycan buna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-hücum əməliyyatları həyata keçirir. Bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təxribatların törədildiyini və nəticədə hərbçilərimizin və mülki şəxslərimizin həlak olduğunu deyən Əli Əhmədov bu təxribatları Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin davamı kimi qiymətləndirib. Qeyd edib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Baş Nazirin müavini vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulması və müharibə cinayətidir. Ermənilərin Azərbaycan əhalisinin cəmi bir faizini təşkil edən, Azərbaycan ərazisində yaşayan etnik azlıq olduğunu bildirən Əli Əhmədov dünyanın heç bir yerində belə bir azlığın özünə müstəqillik tələb etməsi hallarına rast gəlinmədiyini deyib.

Qulam İsakzai Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı narahatlığını ifadə edib. O, cəbhə xəttinə yaxın yerləşən rayonların mülki əhalisi arasında sorğu keçirilməklə BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd edib ki, bu yardımın psixoloji dəstək, xüsusi çadırların qurulması, ərazilərin minalardan təmizlənməsi və digər formalarda reallaşdırılması mümkündür.

Baş Nazirin müavini Əli Əhmədov təklifə görə qarşı tərəfə minnətdarlığını bildirib, hazırkı mərhələdə Azərbaycanın yardıma ehtiyac duymadığını vurğulayıb.