Dayanacaqları kim sındırır? - VİDEO
    • 11-10-2018, 13:20
    • 874

Dayanacaqları kim sındırır? - VİDEO

Paytaxtın bəzi ərazilərinə quraşdırılan dayanacaqlar, dayanılmayacaq vəziyyətə salınıb.

ARB TV, News24.az-a xəbər verir ki, “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Ailə mədəniyyəti görməyən uşaqlar olar. Normal ailədən çıxsalar belə olmaz”.

Hər kəsin mövcud vəziyyətindən gileyləndiyi bu dayanacaqları kimin bu hala gətirdiyini dəqiqliklə bilməsək də, sapı özümüzdən olan baltalar olduğundan əminik.

Şüşələri naməlum şəxslər tərəfindən və hansı məqsədlə qırıldığı məlum olmayan dayanacaqların sayı çox təəssüf ki, hər ötən gün daha da artır.

Elməddin Muradlı - Ekspert: “Konkret bir mövqedən yanaşmaq olmur ki, bu şüşələr niyə sınır, bu dayanacaqlar niyə dağılır. Bəzən də, hardansa yeyib-içməkdən çıxan, toydan çıxan adamlar dayanacaqlarda dayanırlar, sərxoş halda bu hadisələri qəsdən törədirlər”.

Şüşələri qırıldığına görə yağışlı və ya küləkli havalarda insanların dayanacağın içində və ya çölündə dayanması bir o qədər də fərq etmir.

Əvvəl yoxluğundan şikayətləndiyimiz, varlığında qədrini bilmədiyimiz bu dayanacaqların quraşdırılması isə o qədər də asan başa gəlmir.

Elməddin Muradlı - Ekspert: “Dayanacaqlar dövlət əmlakı sayılır. Ora quraşdırılan avadanlıqlar hamısı dövlət qeydiyyatındadır. Dövlət tərəfindən ora maliyyə ayrılıb. O xərclər hamısı dövlətin maliyyəsi ilə çəkilir.

Dövlət əmlakına ziyan vurmağa görə isə cinayət məcəlləsində cəza və cərimələr nəzərdə tutulub.
Tahir Əlirzayev – Hüquqşünas: “2000 manatdan 4000 manata qədər cərimə, 2 ilə qədər azadlığın məhdudlaşdırlması, 2 ilədək islah işləri, və ya 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub”.

Bəs niyə hələ də dövlət əmlakına qənim kəsilənlər cəzalandırılmır? Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, hazırda dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən agentliyə təhvil verilməsi prosesi başa çatmayıb. Ona görə qurum dayanacaqları yararsız hala salanlara qarşı tədbir görmək səlahiyyətində deyil.

Mövcud vəziyyət isə onu göstərir ki, bu işlərə başlamaq üçün hətta gecikmişik. Bu cür hallara yerində müdaxilə etmək lazımdır ki, digərlərinə də ibrət olsun.