Tarix Faiq Ağayevə “Şah” titulunu verdi
    • 11-10-2018, 13:27
    • 1 937

Tarix Faiq Ağayevə “Şah” titulunu verdi

Azərbaycan Respublikasının xalq artisti, çağdaş estrada sənətinin yaradıcılarından olan Faiq Ağayev yaradıcılığının 30 illiyi ərəfəsində televiziya tamaşaçılarına bayram yaşadıb.

News24.az xəbər verir ki, Cənab Qızıl Şlyager, Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “ Hər şey daxil” verilişinin qonağı olub.

“Xəzər” TV izləyicilərini ekran başına kilitləyən veriliş, maraqlı anlarla yadda qalıb.

Belə ki, Tarix Əliyev xalq artistinə “Azərbaycan şou biznesinin meqa starı” titulunu verərək, ona əl işindən, özəl olaraq hazırlanmış tac təqdim edib. Bununla da baxımlı verilişin müəllifi 100 % F.A-ya layiqli Şah statusunu vermiş olub.

“Mənim başımın tacı 30 illik səhnə fəaliyyətimdir. Mənim başımın tacı zamanında ölkəmin ən gənc əməkdar və ən gənc xalq artisti fəxri adına sahib olmağımdır. Tolik, sənin hədiyyən isə çox rəmzi, çox özəl bir yanaşma oldu. Evimin ən gözəl güşəsində yerini alacaq”,- deyə Ağayev məsələni şərh edib.

Estrada ulduzu müğənni Sevda Yahyayevanın Zamiq Hüseynovu Meqa star adlandırmasına da münasibət bildirib: “Mən Sevdanın müəllimi və münsifi olmuşam. “Yeni ulduz” yarışması zamanı mənim Aygün Kazımova ilə münasibətimin kəskin vaxtlar idi və mən Sevdaya görə qırğın etmişdim. Görünür Sevda sualın məğzini anlamayıb. Təbii ki, Zamiq Azərbaycanın çox keyfiyyətli müğənnisidir. Bilirəm ki, Sevda Zamiqlə dostdur. Ancaq gəlin dostluq məsələsini sənətə qatmayaq. Sevda mənim sevimli, çıqıllı balamdır. Bu gün Zamiq, Miri Yusif, Murad Arif, Rəhim Rəhimli, Ramil Nabran, Nadir Nəğdpul kimi ifaçıları super star adlandırmaq olar.    

Proqramın daha bir maraqlı məqamı “Səhnənin meqa starı kimdir” sualı ətrafında söhbət olub. “X maqazin” verilişində məşhurlar arasında aparılan sorğuda bir çox sənət nümayəndələri məhz Faiq Ağayev deyə bildirib: “Meqa star öz sənətinə ən çox tövhə verən insandır. Mən hələ 11 il öncə  5 günlük konsert rekordu etmişəm. 2007-ci ildə topladığım tamaşaçı sayı 10 mindən çox olub. Çox sevinirəm ki, Allah məni sığallayıb, bu naxışı mənə verib”-deyə F.Ağayev danışıb.

Xalq artisti verilişin gedişatında daha bir məqama toxunub: “Adını çəkmək istəmədiyim bir əməkdar artist demişdi ki, Faiq Ağayevlə Aygün Kazımova Azərbaycan səhnəsi üçün heç nə etməyib. Bu qərəzdir. Bunu deyən insanın görmə və eşitmə problemi var. Bu, şəxsi eqodur, şişmiş və qıcqırmış...

Əgər məndən soruşsaydılar ki, qadınlar arasında Meqa star kimdir. Çoxlu super starlar var. Mən ən müxtəlif adlar deyə bilərdim. Amma bu günün nəbzinə görə ölkənin Meqa starı Aygün Kazımova və Röya Ayxandır. Digər xanım ifaçılar da anlayır ki, bu iki sənət nümayəndəmiz onlardan daha çox nəaliyyət əldə ediblər.

Mən bu yaxınlarda kəşf etmişəm ki, şou biznes gənclər üçündür.

Mən 90-cı illərdə bu prosesləri keçmişəm. Bu gün artıq oturuşmuş insanam. Mənim üçün  nömrə bir ifadəsi maraqlı deyil”.

Türkan Məmmədli