Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı -FOTO-VİDEO
    • 11-10-2018, 15:21
    • 5 439

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı -FOTO-VİDEO

Bildiyiniz kimi, Azərbaycanda Müəllimlər günü, 8 mart qadınlar bayramı, yeni il münasibətilə əksər məktəblərdə şagirdlərdən məcburi və ya könüllü şəkildə pul yığılır. Bütün xəbərdarlıqlara baxmayaraq bu kimi hallar  hər il baş verir. Əgər bayram yoxdursa belə, fond pulu,süpürgə pulu, mühafizəçi pulu,xadimə pulu, test pulu adı altında müxtəlif şəkildə qanun pozuntularına yol verilir.

Bu gün redaksiyamıza şikayət daxil olub. İddia olunur ki, Sumqayıtda yerləşən 11 nömrəli  məktəbin 1R3 sinifində, müəllimlər günü ilə bağlı 37 valideyindən ümumilikdə 851 manat pul yığılıb.Sinif rəhbərinin adı Tatyana Borisovna kimi qeyd edilib.

Redaksiyamıza, sözügedən sinifdə lövhə, lampa alınması üçün ödənişlər, xadimə üçün, fond pulu yığılması ilə bağlı fotofakt və səs göndərilib. 

Məktəb direktoru ilə əlaqə saxlamaq istəsək də cəhdimiz baş tutmadı, müəllimlərdən biri bu faktı təkzib etdi. Məsələni araşdırmağa davam edəcəyik.
Lakin, məslə bundadır ki, Azərbaycan qanunvericiliyinə əsasən, dövlət məktəblərində təhsil pulsuzdur və bu kimi halların baş verməsi qanun pozuntusu hesab olunur. Xadimə və mühafizəçilərin pulu isə ştat cədvəlinə əsasən, maaş şəklində verilir. Valideynlərin özlərində də günah az deyil. Zorla müəllimə "hörmət" edib uşağına mehribanlıq göstərməsini istəyənlər, bir-birləri ilə bəhsə girənlər də az deyil. Lakin, bütün bu halların qarşısı məhz məktəb rəhbərliyi tərəfindən, qanunun tələbinə əsasən alınmalıdır. Rüşvətin əsası orta məktəb divarları arasında, elə birinci sinifdə qoyulursa gələcəkdə o uşaqlar böyüyüb kim olacaqlar?