“Gəncədə baş verənlər terror aktıdır” - Maksim Şevçenko - MÜSAHİBƏ
    • 12-10-2020, 12:17
    • 1 002

“Gəncədə baş verənlər terror aktıdır” - Maksim Şevçenko - MÜSAHİBƏ

Rusiyalı tanınmış jurnalist, siyasi ekspert Maksim Şevçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi

News24.az həmin müsahibəni təqdim edir 

“Gəncənin raket atəşinə tutulması düşünülmüş təxribatdır”

- Maksim Leonardoviç, Ermənistan atəşkəsi kobud sürətdə pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Bu addım çoxlu sayda insan itkisinə səbəb olub. Sizcə, İrəvanın bu addımı atəşkəsin vasitəçisi olan Rusiyaya və onun  prezidentinə qarşı hörmətsizlik, saymazlıq deyilmi?

- Əlbəttə ki, bu, haqq qazandırılması mümkün olmayan vəhşi cinayətdir. Məqsəd odur ki, Azərbaycanı Ermənistan ərazisini atəşə tutmağa məcbur etsin. Ermənistanın daxilində, Paşinyanın ətrafında bir sıra qüvvələr var, onlar hesab edirlər ki, hər şeyi etməyə haqları çatır. Həmin qruplar müharibənin qlobal xarakter almasını çox istəyirlər. İstəyirlər ki, Azərbaycan dinc Gəncənin mülki əhalisinə qarşı təxribatçı qətllərə cavab versin, Ermənistan ərazisinə zərbələr endirsin. O zaman Ermənistan təcavüzün qurbanı kimi Rusiyaya müraciət etsin. Onlar hiyləgərlik edirlər. Guya müharibənin balaca, tanınmamış Dağlıq Qarabağdan aparıldığını iddia edirlər. Lakin hamıya aydındır ki, müharibəni böyük silah ehtiyatları ilə Ermənistan aparır. Düşünürəm ki, bu, düşünülmüş təxribatdır. Əlbəttə ki, bu təxribat Vladimir Putinin atəşkəslə bağlı çağırış təklifinin hazırkı vəziyyətdə bir fikir kimi kağız üstündə qalmasına istiqamətlənib. Bu, Ermənistanda müharibənin eskalasiyasını, müharibəyə Türkiyənin və Rusiyanın cəlb olunmasını, bununla da münaqişənin qloballaşmasını istəyən qrupların işidir. Bu, dəhşətlidir. Rusiya prezidentin simasında atəşin dayandırılmasına istiqamətlənib ki, qan tökülməsi dayandırılsın. Aydındır ki, kimsə ermənilərin həyatı ilə oynayır. Bunun üçün dinc azərbaycanlıların həyatına qıyır. Düşünürəm ki, bu insanların adını çəkmək lazımdır. Mənim nöqteyi-nəzərimdən onlar hərbi cinayətkardır.

“Gəncədə baş verənlər terror aktıdır”
- Gəncədə yaşayış binasına raket zərbələri endirilməsini terror aktı kimi qiymətləndirmək olarmı?

- Əlbəttə. Gəncədə baş verənlər Ermənistan tərəfindən törədilən terror aktıdır. Bunu başqa cür qiymətləndirmək olmaz. Bu, dinc əhaliyə qarşı törədilmiş terror aktıdır. Xatırladım ki, Hitler müharibənin sonunda, nə vaxt ki, onun artıq hər şeyi bitmişdi, Londona “Fau-2” raketləri ilə zərbələr endirməyə başlamışdı. Çox oxşar vəziyyətdir. Qisas silahı dinc əhaliyə qarşı konkret terror törədəndə uduzan rejimlər üçün müharibənin aparılması faktoruna çevrilir.

“Fransa muzdlularla bağlı nağıllar uydurur”

- Müharibə zonasından uzaqda yerləşən Gəncədə yaşayış binasına raket zərbələri endirilir. Mülki insanlar həyatını itirir. Lakin ilk günlərdən başlayaraq hərbi toqquşmaların dayandırılması ilə bağlı çağırışlar edən, ermənipərəst mövqe tutan həmsədr ölkə Fransadan səs çıxmır, terror aktını qınayan bəyanatlar səslənmir...

- Məlumdur ki, Fransada güclü erməni diasporu var. Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq qeyd etdiyi kimi, Marseldə Qarabağ düzəltmək olar. Orada Qarabağdakından çox erməni var. Həqiqətən də belədir. Fransa öz geosiyasi məqsədlərini güdür. O, bununla Türkiyəyə təzyiq göstərməyə çalışır. Aydındır ki, Aralıq dənizində Fransa ilə Türkiyə arasında münaqişə mövcuddur. Fransa Yunanıstanı, Misiri, Liviyada Ankaranın dəstəklədiyi Milli Razılıq Hökumətinə qarşı olan Xəlifə Haftarı dəstəkləyir. İstərdim ki, Azərbaycan xalqının taleyi, onun ermənilərə münasibəti böyük dövlətlərin oyunlarından ayrılsın. Mən Fransanın mövqeyi ilə razı deyiləm. Mənə elə gəlir ki, Azərbaycan və erməni xalqlarını Fransa öz geosiyasi oyunlarının əsiri etmək istəyir. Elə etmək lazımdır ki, ədalət zəfər çalsın. O zaman bu, xalqlara sülh içində yaşamağa imkan verər. Fransa indi çox axmaq işlər görür. Münaqişəni sülh yolu ilə nizamlamaq əvəzinə, əksinə, onu qızışdırır. Muzdlularla bağlı nağıllar uydurur. Azərbaycanın Suriyadan olan az hazırlıqlı, az təlim keçmiş kütlə nəyinə lazımdır? Azərbaycan Ordusunun Türkiyə hərbi məktəblərində təlim görmüş, NATO standartlarına uyğun zabit korpusu var. Azərbaycan gənclərinin vətənpərvərlik ruhu elədir ki, hərbi çağırış onları orduya yazmağa yer tapa bilmir. Muzdlularla bağlı uydurma məlumatları nədənsə Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin də dəstəklədi. Bu, absurd ideyadır. Məncə, Azərbaycanı Türkiyənin marionetkası kimi göstərməyə cəhddir. Lakin bu, tamamilə yalandır. Təbii ki, Türkiyə Azərbaycanı dəstəkləyir. Bu, mənəvi dəstəkdir. Azərbaycan bir xalq kimi, dövlət kimi bu əraziləri geri qaytarmağın vacib olduğu qərarına gəlib. Azərbaycan sülh yolu ilə bunu etmək istəyirdi. Sülh prosesi uzun çəkdi və dalana dirəndi, müharibə başladı. Azərbaycanın artıq başqa yol qalmamışdı. Müharibəyə Paşinyanın meydana çıxması səbəb oldu. Paşinyanın Şuşada verdiyi bəyanatlar, Qarabağın Ermənistan ərazisi olması kimi fikirləri, sözsüz ki, müharibəyə təhrikə gətirib çıxardı.

“Azərbaycan Ordusu Hadrutu alıbsa, bu, Dağlıq Qarabağın darvazasını açmaq deməkdir”

- Sizcə, Moskvada əldə olunan humanitar atəşkəs nəyə xidmət edir və ya etməlidir?

- Fikrimcə, Azərbaycanla Ermənistan arasında elan olunan atəşkəs ya Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasına gətirib çıxarmalıdır, ya da müharibə yenidən bərpa olunacaq. Döyüş meydanında öz üstünlüyünü, vətənpərvər ruhunu göstərən Azərbaycan Ordusu irəli gedərək öz torpaqlarını azad edəcək, qan su yerinə axacaq. Baxın, əgər Azərbaycan Ordusu Hadrutu alıbsa, Hadrut Qarabağın darvazasıdır. Əgər Azərbaycanın qəhrəmanları Hadrutu götürüblərsə, düşünürəm ki, Qarabağı silah gücü ilə müdafiə edənlər üçün çox çətin olacaq. Fikrimcə, bu belədirsə, o zaman danışıqlarda tərəflərin mövqeləri artıq bərabər deyil. Hesab edirəm ki, hazırda Azərbaycan tərəfinin hücumları dayandırması Ermənistan ordusuna münasibətdə mərhəmət aktıdır. Mən hər gün internetdə Azərbaycan dronlarının əks tərəfin artilleriya və digər mövqelərini məhv etdiklərinin əks olunduğu kadrları görürəm. Artıq burada söhbət qarşı tərəfin onlarla, yüzlərlə deyil, minlərlə itkisindən gedir. Fikrimcə, bu müharibə dayandırılmalı, torpaqlar Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarına təminat verilməlidir. Bundan sonra dövlətlər arasında, sadəcə, sülh müqaviləsi bağalanmalıdır. Paşinyan öz ağılsız bəyanatlarından əl çəkməlidir. Əminəm ki, sülhə yol var. Əgər kimsə sülh istəmirsə, onda o hər zaman müharibə alır, başqa yol yoxdur. Biz müharibə istəmirik, azərbaycanlıların və ermənilərin qanının tökülməsini istəmirik. İstəmirik ki, Rusiyada yüz minlərlə erməni “verbovka” olunub müharibəyə göndərilsin. Onlar Rusiya vətəndaşıdır. Bunu heç bir halda etmək olmaz. Bilirəm ki, Rusiya vətəndaşı olan azərbaycanlılar da döyüşə getmək istəyirdilər. Lakin Azərbaycan dərhal bunun qarşısını aldı. Azərbaycan öz ordusunun müharibəyə hazır olduğunu bildirdi. XXI əsrdə münaqişələri güc yollu ilə həll etmək olmaz. Lakin bununla belə haqq Azərbaycanın tərəfindədir.

“Azərbaycan Ordusu üçün ən yaxşı qisas öz torpaqlarını işğaldan azad etmək olar”

- Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Sizcə, Azərbaycanın bu təxribata qarşılıq verməyə haqqı yoxdurmu?      

- Ermənistan tərəfindən Gəncəni atəşə tutanlar hərbi cinayətkardır. Əvvəl-axır onlar mühakimə olunacaqlar. Necə ki, Xocalı qatilləri, Xocalıda soyqırımını törədənlər də mühakimə olunmalıdırlar. Müharibə Azərbaycan üçün ədalətlidir. Qoy Gəncə şəhidlərinin qanı azərbaycanlıların müasir dünyada yeri olmayan qan, etnos, mədəniyyət naminə deyil, həqiqət, vətən, ədalət uğrunda mübarizəsinin Uca Allah qarşısında şahidi olsun. Bu, konsepsiyalı müharibədir. Bir tərəfdə çoxmillətli Azərbaycan var, harada ki, oğuz türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər və ruslar yaşayır. Əminəm ki, Azərbaycan ordusunda sadaladıqlarımdan hamısını tapmaq olar. Digər tərəfdə isə erməni qanını millətin əsası hesab edən Qaregin Njdeyə abidə qoyanlar var. Bu da sizə müharibənin məğzi... Məncə, Azərbaycan Ordusu üçün ən yaxşı qisas öz torpaqlarını işğaldan azad etmək olar.