Bu gün minaya düşən oğlan "Aprel döyüşləri"ndə həlak olan qızın qardaşı imiş
    • 11-10-2018, 18:50
    • 1 058

Bu gün minaya düşən oğlan "Aprel döyüşləri"ndə həlak olan qızın qardaşı imiş

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Hadisə bu gün baş verib. Nəticədə 1996-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. 

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov də saytımıza açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azad əməliyyata alınıb:

"Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim". 

Hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün A.Həsənov piyada əleyhinə minaya düşüb. O, mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyünü bildirib.Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.