"İnternet insanları ƏSƏBİ EDİR və YALNIZLAŞDIRIR" - Mütəxəssislər AÇIQLADI
    • 16-11-2020, 14:30
    • 637

"İnternet insanları ƏSƏBİ EDİR və YALNIZLAŞDIRIR" - Mütəxəssislər AÇIQLADI

Bir müddət əvvəl “Facebook” və “İnstagram” insanların sosial şəbəkələrdən asılılığını nəzarət altına salmaq üçün öz tətbiqetmələrinə yenilik gətirib. Bu addım insanların sosial şəbəkələrdə çox vaxt keçirərək, məhsuldarlıqlarının və eyni zamanda real dünyəvi bacarıqlarının azalması ilə bağlı atılıb.

Maraqlısı budur ki, sosial şəbəkə asılılığı siqaret və içkidən daha intensiv asılılıq olduğu halda hələ də həmin asılılığın formal kliniki bir adı yoxdur.

News24.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.


Psixoloq Gülnarə Əliyeva bildirib ki, son zamanlar internet asılığı tütün asılığı qədər ön sıralarda yer alan bir narahatlıqdır:

“Sosial şəbəkələrdə daha çox vaxt keçirmək təbii ki, internet asılılığını artıran səbəblərdən biridir. Amma bu, tək səbəb deyil. Bəzi insanlar depressiyaya meyilli olduqları və həyatda özlərini tək hiss etdikləri üçün sosial şəbəkələrə, internetə yönəlirlər. Bunların əksi də ola bilər. 
Bir neçə faktoru göz önünə alsaq, biz insanın internet asılılığından əziyyət çəkib-çəkmədiyini anlaya bilərik. Bu barədə testlər belə var. Həmin testlərdən keçərək, siz internet və ya sosial şəbəkə asılılığınızın olub-olmamasını müəyyənləşdirə bilərsiniz. Amma ümumilikdə internet, telefon olmadan özünüzü boşluqda hiss edirsinizsə, çox güman ki, siz internet asılılığından əziyyət çəkirsiniz.

Statistikaya əsasən, kişilər qadınlara görə bu problemdən 2-3 dəfə daha çox əziyyət çəkir. Qadınlar daha çox qarşılıqlı söhbət olan saytlarda, kişilər isə şiddət və oyun tərzi səhifələrdə vaxt keçirməyi sevir. Bu uşaqlarda da görünən narahatlıqdır və altında psixoloji faktorlar yatır. Təbii ki, biz bunu çox sadə bir problem kimi görə bilərik. Amma maddə asılılığı kimi, internet asılılığı da ciddi məsələdir. Əgər özünüzlə və ya uşağınızla bacara bilmirsinizə, onda mütləq mütəxəssisə müraciət etməlisiniz. Bəzən uşaqlarda televizor və ya internet asılılığı görən valideynlər övladlarını həmin şeyi etməyə qadağan edərək düşünürlər ki, onları asılılıqdan azad edə biləcəklər. Amma bu, əsla belə deyil. Bir boşluğu doldurmaq üçün mütləq başqa bir şey yerinə qoymalıyıq. Bu böyük insanlara da aiddir. İnternet asılılığının yarandığının fərqinə vardıqda, özümüzü cilovlamağı bacarmalıyıq. Yox, bacarmırıqsa, deməli artıq bunun altında psixoloji səbəblər də var. Bunun üçün də mütləq şəkildə terapiya keçmək lazımdır”.


Psixoloq hesab edir ki, televiziya və qəzetlər artıq əvvəlki güclərini itiriblər: “İnsanlar informasiyanı daha çox internetdən mənimsəyir. İnternetin normadan artıq istifadəsi insanı yanlızlaşdırmağa, asosial olmağa gətirib çıxarır. Adicə 15 dəqiqə internet olmadığı vaxt həmin insanlar normal həyatda nə edəcəklərini bilmirlər. Eyni zamanda həddindən artıq əsəbləşirlər”. 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial şəbəkələr insan həyatında çox böyük rol oynayır, davranışını formalaşdırır və insanın öz daxili aləminə təsir edir: 


“İnsanın davranışın formalaşmasında dörd mühüm amil rol oynayır. Dörd faktordan birincisi insanın öz genindən gələn xisləti, ikincisi mühit, üçüncüsü qazandığı informasiya və son olaraq üstünlük verdiyi dəyərlərdir. Bu dörd faktor bir-biri ilə qarşılıqlı əlaqədə insanın davranışını formalaşdırır. Məsələn, elə son dövrdən danışaq. Hazırda insanlar əvvəlki kimi televizora baxmır. Əvvəllər informasiya daha çox bədii ədəbiyyatdan alınırdı. İndi oxuyanların sayı da azalıb. İndiki məqamda sosial şəbəkələrə üstünlük verilir”. 

Sosioloq qeyd edib ki, sosial şəbəkələrdən istifadə edən insanlar həmin həyata hələ tam olaraq adaptasiya ola bilmir: “Çünki ictimai yerdə insanların davranış mədəniyyəti barədə təsəvvür var. Amma sosial şəbəkələrdə davranış mədəniyyətinin mahiyyəti tam aydınlaşmayıb. Buna baxmayaraq, insanlar sosial şəbəkələrdə çox fəaldır. Qəzetlərin, televiziyaların etmədiklərini edə bilirlər. Eyni zamanda tanış olmaq məsələsi barədə danışaq. İnsanlar real münasibətlər əsasında 10-15 günə qurduğu yaxınlıqları, sosial şəbəkələrdə 10-15 dəqiqəyə qura bilir. Ona görə sosial şəbəkələrin təsiri olduqca güclüdür. Sosial şəbəkələr eyni zamanda çoxsahəli məlumatlar mənbəyidir. Daha əvvəllər insanlar filmlərdən, bədii ədəbiyyatdan və ya qəzetlərdəki məqalələrdən bir qədər bəsit məlumat əldə etdiyi halda sosial şəbəkədə bir saatdan sonra davranışınlarına müsbət və ya mənfi şəkildə təsir göstərə biləcək məlumatlar öyrənirlər. Ona görə də sosial şəbəkələr çox mühim təsiredici rol oynayır”.


Ə.Qəşəmoğlu sosial şəbəkələrdə bəyənmə funksiyasının yaratdığı asılılığın səbəblərini belə izah edib: “İnsanların hər birində özünütəsdiq hissi var. Beşikdən məzara qədər insan özünü təsdiq etməyə çalışır. Bu, təbii bir hissdir. Cəmiyyətimizdə işi və ya hobbiləri olan, daxili keyfiyyətlərini inkişaf etdirən insanların özünü təsdiq etmək üçün əllərində yetəri qədər sahə var. Cəmiyyətdə özünə yer tapmayan işsiz adam özünü göstərmək, təsdiq etmək, “mən də varam” demək üçün yeganə çıxış yolunu sosial şəbəkələrdə görür. İnsanlar öz gündəlik həyatlarında maraqlı işlərlə məşqul olmadıqda və işsiz qaldıqda, sosial şəbəkədə özünü təsdiq etmək istəyir. Ona görə də xalq və xüsusi olaraq gənc nəsil çalışmalıdır ki, vaxtlarını daha səmərəli və yaradıcı işlərə sərf etsin”.

Ülvi İsmayıl