Azərbaycan-Gürcüstan münasibətlərində Heydər Əliyevin roluna həsr olunan beynəlxalq videokonfrans keçirilib
    • 12-12-2020, 14:03
    • 527

Azərbaycan-Gürcüstan münasibətlərində Heydər Əliyevin roluna həsr olunan beynəlxalq videokonfrans keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümünə həsr olunan “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Bu barədə News24.az-a diplomatik nümayəndəlikdən məlumat verilib.

Səfir Faiq Quliyev səfirliyin təşəbbüsünə qoşularaq ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib. O, Azərbaycan xalqının ümummilli liderinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında əvəzsiz xidmətlərindən bəhs edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iki dost və qardaş ölkənin münasibətlərinin daha da genişləndiyini vurğulayıb.

Daha sonra konfransın fəxri qonağı qismində çıxış edən Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, ümummilli lider Heydər Əliyevin Gürcüstanla əlaqələrə verdiyi önəmdən söz açaraq, iki dövlət arasında əlaqələrin təməlini ulu öndərin Gürcüstana ilk rəsmi səfərində qoyulduğuna vurğu edib. X.Xələfov Azərbaycan Respublikasının öz ərazilərini Ermənistan işğalından azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanın verdiyi dəstək və göstərdiyi həmrəyliyə görə təşəkkürünü bildirib.

Sonra çıxış edən konfransın digər fəxri qonağı Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia ulu öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında danılmaz rolunun olduğunu, iki ölkə arasında dost və qonşuluq münasibətlərinin hazırda da yüksələn templə inkişaf etdiyini bildirib. L.Darsalia Gürcüstanın daim Azərbaycanın yanında olacağını, Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı təməlin Prezident İlham Əliyev ilə Gürcüstanın hazırkı rəhbərliyinin qoruyub və daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Daha sonra konfrans plenar iclas ilə öz işini davam etdirib. Plenar iclasda çıxış Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Vaqif Seyidbəyli, ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə dövlət müşaviri olmuş, hazırda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Gürcüstan Parlamentinin Azərbaycanın Milli Məclisinin dostluq qrupunun həmsədri, GUAM Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri Kaxa Kuçava, Milli Məclisin Gürcüstan Parlamenti ilə dostluq qrupunun həmsədri Arzu Nağıyev, “SOCAR Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, GUAM Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, Milli Məclisinin Gürcüstanla dostluq qrupunun üzvü Əminə Ağazadə, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə çıxış ediblər. Onlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə Gürcüstan arasında ziddiyyətlərin aradan qalxdığı, xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiyanın həyata keçirildiyini, Heydər Əliyevin rəhbərliyi dövründə 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında bağlanan müqaviləyə əsasən siyasi, iqtisadi, hərbi və kommunikasiya sahələrində yeni mərhələyə qədəm qoyulduğunu bildiriblər.

Çıxış edənlər ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə iki dövlətin həmişə eyni mövqedən çıxış etdiyini vurğulayıblar.

Konfrans iştirakçıları ikitərəfli münasibətlərin ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlamasına vurğu ediblər.

İştirakçılar Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələrinin hal-hazırda uğurla davam etdiyini qeyd edərək, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin Gürcüstanla Azərbaycanı birləşdirən amillər olduğuna diqqət çəkiblər. Həmçinin, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar daxilində əməkdaşlığın ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıblar.

Beynəlxalq konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Sammiti çərçivəsində imzalanan "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında" Sazişin region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım olmasına diqqət çəkiblər.

Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iki dost və qonşu ölkələrin strateji əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini qeyd ediblər.

Daha sonra iştirakçılar konfransın yekununa dair müzakirələr aparıb, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldılmasından sonra ulu öndər Heydər Əliyev ilə bağlı növbəti konfransın Tbilisi şəhərində keçirilməsini təklif ediblər.

Konfransın sonunda F.Quliyev yekun nitq ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşıb səfirliyin keçirdiyi beynəlxalq konfransda iştirak edən şəxslərə minnətdarlığını bildirib, növbəti konfransın Tbilisi şəhərində keçirilməsi üçün səfirlik tərəfindən lazımi hazırlıqların görüləcəyini qeyd edib.