Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - VİDEO
    • 27-12-2020, 12:05
    • 602

Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçulara daim diqqət və qayğı göstərən Ali Baş Komandanın tapşırığına əsasən 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış və düşmən tərəfindən minalanmış ərazilərdə xidmət edən Azərbaycan Ordusunun şəxsi heyətinin yerləşdirilməsi, qidalanması və məişət xidmətləri ilə təmin edilməsi məqsədilə ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş və səhra şəraiti üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər alınır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərimizdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib.

Məruzə edilib ki, azad edilmiş yaşayış məntəqələrimizdə, dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq.

Məlumat verilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.
Şəxsi heyəti kompakt yerləşdirilən hərbi hissələr üçün isə daha böyük imkanlara malik, səyyar, modul tipli komplekslərin quraşdırılması həyata keçirilir, hamam-camaşırxana xidmətləri təşkil olunur. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq tədbirlər də planlı şəkildə davam edir.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.