Müharibəyə ancaq kasıb övladı gedir? - Deputatlar QOHUMLARINDAN DANIŞDI
    • 12-01-2021, 12:44
    • 629

Müharibəyə ancaq kasıb övladı gedir? - Deputatlar QOHUMLARINDAN DANIŞDI

Sentyabrın 27-dən etibarən başlanan Vətən müharibəsi dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Bu amal uğrunda neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər və məqsədlərinə nail oldular.

Vətəndaşlarımızı daim maraqlandıran əsas nüans vəzifəli şəxslərin övladlarının Qarabağ müharibəsində iştirakıdır. 

News24.az olaraq “Müharibəyə ancaq kasıb övladı gedir” deyiminin nə dərəcə real olub-olmaması ilə bağlı deputatlar arasında sorğu keçirdik. 

Milli Məclisin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirov çox sayda qohumunun müharibədə iştirak etdiyini dedi: “Bibimoğlanları və yeznələrimdən iştirak edənlər var. Reklam olmasın deyə adlarını demək istəmirəm. Sonra deyəcəklər ki, Elman Nəsirov öz qohumlarını reklam edir. Deputatların bu prosesdə iştirakı zəruri olsaydı, öndə gedənlərdən biri olardım". 

Milli Məclisin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Aqil Abbas bibi nəvəsi Bəhram Əliyev Əliağa oğlunun Ağdərə döyüşlərində iştirak etdiyini və həmin şəxsin atasının prokuror olduğunu vurğuladı: “Həm həkim, həm də döyüşçü idi. Ali təhsilli kimi xidmətə yollanmışdı. Səngərlərdə yaralılara birbaşa yardım göstərirdi. 100-dən çox yaralını xilas edib. Hazırda xidmətini davam etdirir. Əmim qızı I Qarabağ müharibəsinə könüllü qoşulmuşdu. Çox sayda yaralını xilas edib. Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Rada Abbasovadan söhbət gedir. Əlavə olaraq qeyd edim ki, iki əmimoğlu isə I Qarabağ müharibəsi veteranıdır". 

Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qardaşı oğlunun müharibə iştirakçısı olduğunu dedi: “Qardaşımın özü I Qarabağ müharibəsində iştirak etmişdi. Qardaşım oğlu Suqovuşan istiqamətində döyüşüb”. 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, 2020-ci ilin oktyabrın 6-da övladı hərbi xidmətə yola düşdü: “Bundan əlavə, baldızımın oğlu şəhid oldu”. 

Milli Məclisin üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov övladlarının faktiki olaraq hərbi xidmətdə olduğunu, ancaq müharibədə iştirak edən yaxınlarının olmadığını bildirdi: “Qohumlarım Naxçıvanda yaşadığı üçün müharibədə iştirak edənləri yoxdur. Naxçıvanda əsasən, Xüsusi Təyinatlı Qüvvə və zabitlər döyüşdə iştirak etdi. Onlar arasında şəhid olan uzaq qohumlarım var. 

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dayı nəvələrinin Qarabağ döyüşlərində fəal iştirak etdiyini dilə gətirdi: "Onlardan biri Orucov Orxan Malik oğlu Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralanıb və bu gün də müalicəsini davam etdirir. Ailə üzvlərimdən hərbi xidmət yaşına uyğun olmayan övladım olduğundan müharibədə iştirak edə bilmədi". 

Qeyd edək ki, sorğuda iştirak edən deputatların bəziləri ad çəkmək istəmədilər. Digər deputatlarla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Məhərrəm Əliyev