Azərbaycanlı deputat: “Müdafiə Nazirliyinə EYİB OLSUN...
    • 27-01-2021, 16:26
    • 1 214

Azərbaycanlı deputat: “Müdafiə Nazirliyinə EYİB OLSUN..."

Sosial şəbəkələrdə Qaradağ rayonu ərazisində ucqar qəbirstanlıqda dəfn olunmuş şəhidlərin məzarlarını su basması ilə bağlı görüntülər paylaşılıb. Həmin görüntülərdə şəhidlərin valideynləri övladlarının məzarlarının su içində olmasından ürək yanğısı ilə şikayət edirlər. Ailələrin tələbi torpaqlarımızın işğaldan azad olunmasında danılmaz xidmətləri olan şəhidlərin məzarlarının II Fəxri Xiyabana köçürülməsidir.

News24.az məsələ ilə bağlı Millət Vəkillərinin fikirlərini öyrənib. 

Zahid Oruc vurğulayıb ki, valideynlərin narazılığı doğrudur: 


“Bu əsnada koordinasiyasızlıqdan irəli gələrək, vətəndaşlarımız özlərini incidilmiş hiss edib. Etirazlarını isə sərt şəkildə bildirməyə məcbur olublar. Məsələnin bu həddə çatdırılmasına yol verməmək mümkün idi. Bu gün yüzminlərlə ordu heyətinin idarə olunması və xüsusilə də işğaldan azad edilən ərazilər üzrə sərhəd xətti boyunca yaranan yeni coğrafi üstünlüklərdə hərbi strateji nöqtələrdə yerləşmə, nəzarət sistemlərini təmin etmək, orada müəyyən bir kazarma şəraiti və digər tələblərin həyata keçirilməsi zaman ala bilər. Şəhidlər bizim üçün dövlətin, dövlətçiliyin, qələbəmizin və millət quruculuğunun əsasında dayanır. Bu məsələdə emosional ovqatı, mənəvi borcu nəzərə alaraq, dərhal addımlar atmaq mümkündür”. 

O insanlar qarşısında həmişə borcluyuq


Deputat deyib ki, bu prosesi icra etmək elə də çətin deyil: “Qəbirlərin yerinin köçürülməsi bizim dini tələblərə uyğundur. Bütün hallarda bu dəfnlər müəyyən bir çərçivədə baş verir. Şanlı qələbəmizə hər hansı bir şəraitdə düşmən qüvvələrinin təbliğat imkanı əldə etməməsi üçün elə addımlar atmaq lazımdır ki, şəhidlərimiz layiq olduqları və onların valideynlərinin, doğmalarının istədikləri yerdə dəfn olsunlar. Belə bir yanaşmanı da sərgiləmək olar ki, şəhidlərimiz harada dəfn olunursa, ora xiyabandır. Ancaq danışdığımız indiki situasiyada valideynlərimiz 10 dəfə qəbul tələb edirlərsə, hamısında da qarşılarına çıxılmalıdır. Çünki istənilən hakimiyyət qolunun təmsilçiləri başa düşməlidir ki, dövlət tərəfindən görülən bütün tədbirlərə rəğmən o insanlar qarşısında biz həmişə borclu olacayıq. Bu məsələnin həll edilməsi üçün alternativ yollar axtarılmalıdır. Elə addım atmaq lazımdır ki, bu məsələ ətrafında nifaq olmasın.   

Bəllidir ki, Ermənistan cəmiyyəti ictimai-siyasi şok yaşayır. Bizdə isə qalib ölkənin, qalib ordunun, qalib millətin övladlarına münasibətdə bütün hərəkətlər, addımlar elə ssenariləşdirilməlidir ki, orada zərrə qədər də narazılıq yaranmasın. O ailələr hər zaman dövlət və ictimai tədbirlərin ön cəbhəsində olmalıdır. Bu, bir rituala çevrilməli və dövlətin protokolunda yer almalıdr. Belə olacağı təqdirdə əminəm ki, biz yeni-yeni qələbələri qazanmış olacağıq”. 

Aqil Abbas məsələni belə şərh edib: 


Eyib olsun...

“Müdafiə Nazirliyinə eyib olsun. Eyib olsun ki, 1 aydan çoxdur bu adamların məsələlərini həll edə bilmir. Şəhid valideynini qapıdan-qapıya göndərirlər. Onlar isə axırda məcbur olub, yol kəsirlər. Düzdür, general-leytenant Kərim Vəliyev onları qəbul edib. Amma nə tədbir görəcəyilə bağlı məlumatımız yoxdur”. 

Sabir Rüstəmxanlı qeyd edib ki, şəhidlərimizi dəfn etmək üçün normal bir yer tapmaq olardı:


“Yəqin hamını Şəhidlər Xiyabanında dəfn etmək olmur. Ancaq bəzi şəhidlərimizin valideynləri övladlarını öz rayonlarında dəfn etmək istəyirdilər ki, sakinlər tərəfindən hər il onların xatirəsi yada salınsın və hamı Bakıya gəlməsin. Rayonlarda dəfn edilən şəhidlərimizə ləyaqətli yer ayrılmalıdır”. 

Azər Badamov hesab edir ki, şəhidlərimizin o ərazidə dəfn edilməsi düşünülmüş addım deyildi: 


"Məqsədli" məlumatdır


“Təbii ki, şəhidlərimizin məzarlarını su basması heç kimin ürəyindən deyil. Həmçinin, xoşagələn hadisə də deyil. Şəhidlərin xatirəsi bizim üçün çox əzizdir. Onların qarşısında daim ehtiramla baş əyirik, əziz tuturuq. Dövlətimiz şəhidlərimizin ailələrinə daim diqqət ayırıb və öz dəstəyini verib. Biz gördük ki, ölkə başçısı şəhid ailələrinə verilən əmanətləri 300 manatdan 500 manata qaldırdı. Şəhid ailələrinin mənzillə təmin edilməsi üçün xüsusi sərəncam imzaladı. Bütün bu addımlar şəhid ailələrinə və Qarabağ müharibəsində əlil olan şəxslərə dövlət başçısının böyük diqqətidir. Amma belə bir fonda şəhid məzarlarının su basmasını ictimailəşdirmək və sosial şəbəkələrdə yaymağı düzgün addım hesab etmirəm. Düşünürəm ki, bu, müəyyən bir məqsəd daşıyan məlumatdır. Şəhid ailələrinin məzarlarla bağlı şikayəti varsa, aidiyyəti qurumlara müraciət etməlidilər. Həmin qəbirlərin qanunauyğun şəkildə daha yaxşı bir yerdə dəfn edilməsi həyata keçirilə bilər”. 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi-polkovnik Vaqif Dərgahlı sorğumuza cavab olaraq bildirib ki, həmin şəhid ailələri Müdafiə Nazirliyində qəbul olunub və şikayətləri dinlənilib: "Məsələnin nəticəsi barədə ehtiyac olduğu təqdirdə mətbuata açıqlama verəcəyik". 

Məhərrəm Əliyev