Atasız dünyaya gələn şəhid övladları - ANARƏ VƏ AYAZ... - VİDEOREPORTAJ - FOTOLAR
    • 28-01-2021, 20:10
    • 1 474

Atasız dünyaya gələn şəhid övladları - ANARƏ VƏ AYAZ... - VİDEOREPORTAJ - FOTOLAR

"Bir ölər, min dirilərik"

Vətən müharibəsində şanlı qələbəmizdə imzası olan şəhid Zaur Ələsgərlinin evində daha bir əsgər böyüyəcək. Şəhidimizin ikinci oğlu dünyaya göz açdı. Ayaz atasının üzünü görməsə də, ona qoyulan bu adı şərəf və qürurla daşıyacaq. 

Şəhidimiz Xocavənd istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub. Üç il ailəli olan şəhidimizin həyat yoldaşı Vəfa Ələsgərli həmsöhbət olarkən, göz yaşlarını saxlaya bilmədi: "Adını atası ilə bir yerdə qoyduq. Birinci oğlumun adı Ayxandır, ikinciyə isə Ayaz adını verdik. Balaca oğlum atasının körpə vaxtlarına çox oxşayır. Kaş özü də bu günü görərdi, yanımızda olardı. Qismət belə gətirdi, olmadı. Övlad sahibi olmaq dünyanın ən gözəl hissidir. Nə yaxşı ki, oğullarım var, yanımdadırlar. Ataları cənnətdədir. Əminəm ki, o, bizi izləyir. İnşallah ki, övladlarım atalarının adına layiq şəkildə böyüyərlər".


Cəmi 25 il ömür yaşayan qəhrəmanımızla indi təkcə ailəsi yox, bütün Azərbaycan fəxr edir. Bir müddət öncə Zaur Ələsgərlinin şəhid xəbərinə toplaşanlar bu dəfə onun əmanəti Ayaz üçün bir araya gəldilər. Zaurun döyüş yoldaşları da ailənin sevincinə şərik oldular. 

Oğlundan qürurla danışan Vəfa Abbasova deyir ki, Zaurdan ona geriyə üç nəfər əmanət qaldı. Bir gəlini və iki igid körpə oğlu: "Oğlum vətən uğrunda qəhrəmancasında vuruşaraq, şəhid olub. Zaurumla fəxr edirəm. Balamdan mənə qalan əmanətləri ömrümün sonuna qədər qoruyacağam. Düzdür, heç kim Zaurun yerini doldura bilməz, amma yenə də onlar mənim təsəllimdirlər. Zauru çox erkən yaşlarında evləndirdim. Əsgərlikdən qayıdan kimi ona toy elədim. Balamın taleyi elə gətirdi ki, 25 yaşında şəhidlik zirvəsinə ucaldı. Vətən sağ olsun, onun üçün iki əsgər böyüdəcəyəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, çünki onların sayəsində biz şanlı qələbəmizi əldə etdik".

"Şəhidlər ölməz, vətən bölünməz" şüarının sədası altında Ayaz balamız xəstəxanadan çıxdı. Sən də atan kimi mərd böyü şəhid oğlu!


Bu gün təkçə Ələsgərli ailəsində yox, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına şəhid olan Anar Nağıyevin ocağında da bir körpə dünyaya göz açdı. Anarə qızımız anasının şəhid həsrətini bir az da olsa, yumşaltdı. 

Şəhidimizin həyat yoldaşı Gülnar Nəzərova bildirib ki, cəmi bir il ailəli olub: "Anardan sonra yeganə qızıma ancaq Anarə adını qoya bilərdim. Onu qucağıma alanda, elə bildim ki, dünyaya yenidən göz açdım. Kaş Anar yanımızda olardı. Sonuncu dəfə onunla danışanda dedi ki, qızımız sənə əmanətdir, ona yaxşı bax". (ağlayır)


Xüsusi Təyinatlı Qüvvələrinin giziri Anar Nağıyev Şuşa şəhəri uğrunda gedən gərgin döyüşlər zamanı Şəhidlik zirvəsinə ucaldı. Onun anası Məlahət Nağıyeva qəhrəmanımızdan ağızdolusu, amma göz yaşları içində danışdı: "Kaş atası qızının doğulduğu günü görərdi, onu istədiyi kimi böyüdərdi, amma alınmadı". (ağlayır) 

Ayaz və Anarə kimi bütün körpələrin təkcə canları yox, həm də onların gələcəyi şəhidlərimizdən bizə əmanətdir...

Sevda Bayramova
VİDEO - Fərid Şabanov

FOTO - Ülvi İsmayıl