"Onlayn dərsi sevmədim, məktəb qəşəngdi" - REPORTAJ -VİDEO/FOTO
    • 1-02-2021, 16:37
    • 651

"Onlayn dərsi sevmədim, məktəb qəşəngdi" - REPORTAJ -VİDEO/FOTO

Bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada başlayıb. İbtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. 


Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə başlayıb. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirir.

News24.az olaraq paytaxtın 1, 7 və 8 nömrəli məktəblərində vəziyyətlə tanış olduq.

İlkin müşahidələrimizə əsasən deyə bilərik ki, məktəblərdə davamiyyət pis deyil. Obyektiv yanaşsaq, otaqların istiliyi tam təmin olunurdu. Karantin qaydalarının pozulmasına şahid olmadıq. 

8 nömrəli məktəbin ibtidai sinif müəlliməsi valideynlərin rus sektoruna üstünlük verməsinin düzgün olmadığını və Azərbaycan dilinin əhəmiyyətini qeyd etdi. 1 nömrəli məktəbin müəlliməsi isə oxuyan şagird üçün dərsin hansı sistemdə keçirilməsinin önəm kəsb etmədiyini bildirdi. Ancaq ümumən hər üç məktəbin istər müəllimləri, istərsə də şagirdləri “onlayn” təhsildən narazı idi. 
Bəzi şagirdlər danışarkən, çəkinmədən nöqsanları dilə gətirdilər. Uşaq saflığı..

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənməlidir.

Reportajı təqdim edirik:

Məhərrəm Əliyev
VİDEO: Hüseyn Həsənov