Mətbuatla işləyən və işləməyən KATİBLƏR
    • 13-02-2021, 12:02
    • 2 320

Mətbuatla işləyən və işləməyən KATİBLƏR

“Google” axtarış konsolunda açar söz olaraq “mətbuat katibi” yazdıqda, ilk məlumat kimi bu cümlə qarşımıza çıxır: “bir təşkilat və ya şəxs adından danışan səlahiyyətli biri”.

Gerçəkdən mətbuat katibinin işinin adı nədir? Bu sualın cavabını qısa və lakonik desək, katib mətbuatla sıx işləməli, təmsil etdiyi qurumda olan problemi və ya hadisəni hər kəsdən öncə görməli və verilən suallara hazırlıqlı olmalıdır. Ən önəmli nüansı qeyd etməliyik. Mətbuat katibi jurnalistikanın mahiyyətini qavramalı və media nümayəndələrinin xalqın sözçüsü olduğunu bilməlidir. Yəni bir mətbuat katibi jurnalistin zənginə qəsdən cavab vermirsə, yaxud da telefonu “üzünə bağlayırsa”, ekvivalent olaraq bu, məhz xalqa üz çevirməkdir. Katib hər zaman zənglərə açıq olmalıdır. Xüsusi və fövqəl bir hadisə olmadığı təqdirdə təbii ki, etikalı jurnalist bəsit məlumat üçün gecə 2-də mətbuat katibinə zəng etməz. Ancaq sərt səslənsə də qeyd edim ki, jurnalist gün ərzində on dəfə mətbuat katibinə zəng edirsə, o, onuna da cavab verməlidir. Son zamanlar Azərbaycan mediasında zənglərə cavab verməyən mətbuat katiblərinin çoxaldığını görürük. Ortaya bir sual çıxır. Mətbuat katibinin jurnalistlərə ayırmağa vaxtı yoxdursa, bəs, hansı işlə məşğul olur? Axı, katibin işinin məğzi elə media ilə işləməkdir. 
 
Mətbuat katiblərinin işi asan deyil. Hər sahədə olduğu kimi. Böyük ehtimal işlərini yüngülləşdirmək üçün sosial şəbəkələrdə press qruplar yaradırlar. Ancaq belə olan halda “press-reliz”lərdən ibarət mətbuat formalaşır. Özəl məlumatları öyrənmək çətinləşir. 

Hesab edirəm ki, mətbuat katibinin kim olduğu barədə heç anlayışı olmayan biri yuxarıdakı girişi oxuyandan sonra müəyyən qədər informasiyaya sahib olacaq. Hərçənd bəzi mətbuat katiblərinin də bu yazını oxumasını istərdim. Çünki yaxşı deyiblər: “təkrar biliyin anasıdır”. 

Jurnalistlər arasında şəxsi problemlərinə görə katibləri narahat edənlər də az deyil. Bir çox halda problemləri həll olur. Bu da bir həqiqətdir. 
Bir nüans da var ki, bizdə mətbuat katiblərinin bəzilərinin jurnalistlərə yanaşması fərdi olur. Reallıqda isə bu, belə olmamalıdır. İndi keçək əsas məsələyə. Hansı mətbuat katibinin media ilə necə işlədiyinə diqqət yetirək. Tam obyektiv deyə bilmərik, çünki bu həyatda hər kəs üçün obyektiv olan mövzu yoxdur.
 
Bəzi filmlərin “intro”sunda edilən xüsusi qeydlərin oxşarını yazmaq istəyirəm ki, sonra “filankəs, xətrimizə dəydiniz, axı biz nə etmişik” kimi cümlələr yazılmasın. Siyahıda adları qeyd olunacaq şəxslər xüsusi prinsip və ya ədavət fonunda seçilməyib. Yazılanların hər biri müşahidələrə söykənir. Necə deyərlər, bizimçün hamısı eynidir.
 
Cəsarət Valehov: “Bir az tez olun, tələsirəm...”


Mətbuatda tez-tez adı hallanan katiblərdən biri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovdur. Elə ilk olaraq ondan başlayaq. Media nümayəndələri bunu yaxşı bilir ki, Cəsarət Valehov həmişə harasa tələsir. Bir jurnalist olaraq ona sual yönəltdikdə narahat olursan ki, məşğul adamı işindən edirsən. Çünki o az qala hər sualı: “bir az tez olun, tələsirəm” kimi cavablayır. Sonradan insan düşünür ki, axı, Cəsarət Valehov niyə tələsir? Bəlkə onun heç kimin bilmədiyi başqa işi də var?! Əvvəl heç olmazsa zənglərə baxırdı, son zamanlar nədənsə yazılı sorğu sisteminə keçib. Yəni jurnalist mövzu işləməzdən 1 gün əvvəl sualı yazıb göndərməlidir ki, sabaha cavab alsın. Məsələn, bu gün məktəbdə bir hadisə olursa, onun açıqlaması üçün sabahı gözləməliyik. Təbii ki, biz sabahı gözləməyib, birbaşa özünə zəng edirik. Cavab isə qısa və səthi olur: “Tez denən...” Məlum cavaba da bizim Cəsarət Valehov tələsir, çox vaxtını almayaq reaksiyası verməkdən başqa yolumuz qalmır.
 
Bəşarət Məmmədov: “İndi sənə ətraflı məlumat verərəm”


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov media nümayəndələrinə daha çox vaxt ayırmağı bacarır. Nə vaxt hər hansı məsələyə münasibəti lazım olsa, həmən reaksiya verir. Az qala Bakının müəllimlərini adbaad tanıyır. Məktəblərin ən kiçik uğurlarını belə media ilə bölüşür.  


Təhsil Nazirliyindən söz düşmüşkən, Billurə Hacızadə ilə Fərizə Əhmədovanın adını qeyd etməsək, insafsızlıq olar. Çünki hər iki xanım mediaya çox açıqdır və mətbuatın sevdiyi simalardır. Əlbəttə, istisnalar ola bilər. Amma hesab etmirəm ki, onlar zamanında jurnalist olduqları üçün həmkarları ilə belə xoş davranırlar. Zənnimizcə, bu, onların məsləklərinə olan hörmətindən irəli gəlir. 

Eldar Sultanov: “Yazını bu başlıqlardan biri ilə verərsiniz…”


Baş Prokurorluğun sabiq mətbuat xidmətinin rəhbəri, hazırda isə Baş Prokurorluğunun Müraciətlərə baxılması və sənədlər izrə iş idarəsinin rəisi Eldar Sultanov stajlı mətbuat xidməti rəhbərlərindədir. Çox zaman iclasda olur. Ancaq buna baxmayaraq, mətbuatın zənglərinə hər zaman cavab verir. Press-relizlər isə öz yerində. Bu səbəbdən onu da mediaya açıq adam hesab eləmək olar. Onunla söhbətin birinci kəlməsindən hiss etdirir ki, prokurorluq əməkdaşı ilə danışırsan. Çünki çox zaman cavabları lakonik olur: “Bu məlumatın əsası yoxdur”, “bizdə bu haqda məlumat yoxdur”, “cinayət işi açılıb, araşdırma aparılır”. 

Vüqar Hüseynov: "Taxıl biçinindəyəm"


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynova bizdən biridir demək, tam yerinə düşər. Nəinki təmsil etdiyi qurumla bağlı bu sahədə istənilən mövzuda sualı cavablandırmağı, eyni zamanda ekspert kimi çıxış etməyə də narazılıq etmir. Şöbənin əməkdaşı kimi fəaliyyət göstərən Musa Əhmədov da Vüqar Hüseynovun yoluyla gedir, yəni tutduğu vəzifədən irəli gələn məsuliyyəti dərk edir və jurnalistlərin suallarını cavablandırırlar. 


"Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev də xoşməramlı səfir obrazını oynayır. Hər zaman gülərüz və əli çörəklidir. 
 
Ehsan Zahidov: “Bu məsələ araşdırılır”


Mətbuatda tez-tez fikirləri səsləndirilən şəxslərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdur. O, media nümayəndələri arasında sərt xarakterli biri kimi tanınır. Ehsan müəllimin elə aurası var ki, jurnalistlər ona sualı ehtiyatla verirlər. Amma ədalətlə desək, o, bütün zəngləri cavablayır. Yəni gün ərzində əvvəl-axır onunla danışa bilirsən. Amma cavabın qənaətbəxş olub-olmayacağını demək çətin məsələdir.

Elşad Hacıyev: "İcazə sizindir"


Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev. “Elşad müəllim, şəhərdə çəkiliş etmək istəyirik” dedikdə, ardını dinləmədən “şəhər sizindir” cavabını verən bir insandır. O, media ilə daim sıx əlaqə quran, suallardan yayınmayan və lakonik cavabları ilə seçilən biridir. İşinə hörmət etdiyindən zəhmətkeş insan saysaq, tam doğru olar.

Səmayə Məmmədova: "Qəşəng şəklimi qoyarsınız"


Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanı sevməyən az olar. Mehriban, canayaxın, işini sevən biridir. Jurnalistikada olduğu qədər, mətbuatla ünsiyyətdə də peşəkardır. Amma son zamanlar xüsusi sorğulara cavablarını yubadır. Hər halda, niyəsini özü yaxşı bilir. Biz davamlı olmamasına ümidliyik.

İradə İbrahimova: “İndi məlumat yollayaram”


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovadan yoxdur, desək mübaliğə olmaz. Çünki bu istiqanlı xanım bütün xoş sözlərə layiq biridir. İstənilən media nümayəndəsinin sualını xırda detallarınadək cavablayır. Üstəlik yazı işıq üzü görən kimi dönə-dönə təşəkkür etməyi də unutmur.

Mehman Mehdiyev: "Mənə dəniz verin" 


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri, uzun illər xəbər spikeri kimi sevdiyimiz Mehman Mehdiyevdən də yazmaq mütləqdir. Mütləqdir deyirik, çünki tək televiziyada xəbər spikeri olaraq yox, elə mətbuatla əlaqələndirici kimi də işini layiqincə görür, istənilən zəngə cavab verir. Digər qurumlara baxdıqda, Mehman Mehdiyevin işi daima Xəzər dənizi ilə olduğuna görə, bir az da odun üstünə su tökməyi var desək, yalan olmaz. Hər hansısa hadisəyə görə Mehman Mehdiyevə yığdıqda, əks tərəfdəki kübar və sakit səsi dərhal insanı sakitləşdirir. Sanki heç bir hadisə baş verməmiş kimi danışıb, vəziyyəti dəyərləndirir və cavabını özünəməxsus formada verir.

Leyla Abdullayeva: “Elə indicə bununla bağlı press-reliz hazırlayırıq”



Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva jurnalistlərlə münasibətində peşəsinin özəlliyindən irəli gələn şəkildə- diplomatik etiketlərə uyğun davranır. Hərdən elə təəssürat yaranır ki, xarici işlər naziri elə Leyla Abdullayeva özüdür. Avropa təsisatlarının Azərbaycanla bağlı hansısa qətnaməsi haqda sual ünvanlayan kimi “bu dəqiqə elə ona cavab yazıram, göndərəcəm” deyir. 

Bəxtiyar Məmmədov: “Bizə bu haqda heç bir qərar, tapşırıq verilməyib”


Elə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da onun kimi. Media ilə sıx əməkdaşlıq edən, səmimi, deyib-gülən, zənglərə də anında cavab verən katibdir. 
 
Gülçin Mehdiyeva: “İndi sizi bu məsələyə baxan şəxsə yönəldərəm...” 


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva hadisə anında zənglərə operativ cavab verir. Həm ünsiyyəti, həm də sorğulara cavab verməsi qənaətbəxşdir. Ancaq xüsusi sorğularda cavab almaqda çətinlik çəkdiyimiz məqamlar da var. 
 
Vaqif Aydınoğlu: “Dediniz, harda işıq sönüb?...”


“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu barədə danışmazdan öncə sabiq katib Tanrıverdi Mustafayevi yada salmamaq haqsızlıq olar. Tanrıverdi Mustafayev yalnız yaxşı mətbuat katibi deyildi, həm də hər kəsə mehriban, yardımsevər münasibət sərgiləyirdi. Hətta evində işığı kəsilən hər jurnalist ona ərklə zəng edib problemin həllinə kömək istəyirdi.
 
Vaqif Aydınoğluna gəlincə, o da Tanrıverdi müəllimin ənənəsinin yaxşı davamçısıdır.
İstənilən sualla bağlı istənilən məqamda rahatlıqla əlaqə saxlamaq mümkündür.
 
Anar Cəbrayıllı: “Xəbərimiz var, “Azərsu” orda bərpa işləri aparır...”


"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı. Düzdür, son zamanlar haqqında bəzi söz-söhbətlər yayılıb. Amma mətbuat əlaqələndiricisi kimi fəaliyyətinə söz ola bilməz. Çünki sorğuları da vaxtında cavablayır, həmkarları ilə ünsiyyəti də təkəbbürsüzdür. 
 
Elvin Hacıyev: “Suallarınızı yazılı göndərin, baxaram”


Səhiyyə Nazirliyinin sözçüsü Elvin Hacıyev bir ay əvvəl medianın sevdiyi bir katib idisə, indi haqqındakı deyilən fikirlərə bir qədər kölgə düşüb. Çünki son dövrlərdə Elvin Hacıyevin səsini eşitmək və ya müəyyən sorğuya cavabını öyrənmək səhrada su axtarmağa bənzəyir. 

Pərviz Əbubəkirov işdən çıxarılıb? 


Elə indicə bir-birimizə baxıb sual etdik: "Pərviz Əbubəkirov haradadır?" Cavab gəldi ki, "Səhiyyə Nazirliyində mətbuat xidmətində işini davam etdirir". Çaşıb qaldıq, həqiqətənmi o qurumda, həmin adda şəxs işləyir? Özü də mətbuat xidmətində, yəni işi mütəmadi jurnalistlərin müraciətlərinə cavab verməli olduğu sahədə. Bəlkə də hazırda səhiyyə naziri Oqtay Şirəliyevin işini görür, o səbəbdən biz jurnalistlərə zaman tapmır deyə düşündük. Bu da labüddür, çünki söhbət açdığımız qurumda vəziyyət hər cür cərəyan edə bilər. Bu məqamda yazmaq yerinə düşər, yenə şükür ki, suallarımızı Elvin Hacıyev ara-sıra da olsa cavablayır. Allah Pərviz Əbubəkirova insaf versin deyib, davam edirik. 


Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdilidən narazı olan jurnalist çətin tapılar. Gənc də olsa, ünsiyyəti ilə media və təmsil etdiyi qurum arasında peşəkar vasitəçidir. 


 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də zəngləri həvəslə cavablandırmağı sevmir. Abbas müəllimin səsinə yadırğadığımızdan fikir söyləməyə biz də çətinlik çəkirik. 
 
Fazil Talıbov: "Bu məsələyə biz baxmırıq"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov barədə ayrı bir məqaləyə ehtiyac var. Çünki jurnalistlər arasında Fazil Talıbovun adı çəkiləndə əksəriyyətinin üzünə giley, inciklik çökür. İnsafla, Fazil Talıbov zənglərə cavab verir, amma cavabdan sonra arzulayırsan ki, bir də ona sual verməli olmayasan. 

 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əvvəlki mətbuat katibi Rəvanə Əliyeva həmkarları ilə çalışdığı müddətdə yaratdığı incik təəssüratı yeni katib Elnarə Baxış dağıtdı. Sağ olsun, hər kəsə sayğılı və suallara dəqiq cavabları ilə işimizi yüngülləşdirir.
 
Vaqif Dərgahlı: “Bu barədə danışa bilmərəm”

 
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı. O, bir sıra hallarda çox qısa açıqlama verir. Danışmaqdan yayındığı hallar da az olmur. Mətbuatın zənglərinə isə daim açıqdır. 
 
Mais Ağayev: “Buyur, əzizim, eşidirəm”


BNA-nın sözçüsü Mais Ağayevin mətbuatla münasibəti qarışıqdır. Bəzən hamıya mehriban olur, sualları lakonik cavablayır və sıx əlaqə qurur. Hətta hərdən mediadakı dostlarına “bunu yazmaq üçün demirəm” kimi ərk də edir. Bəzən isə sanki bütün mediadan inciyir, hamıdan uzaqlaşır.


Xoş, həlim, ünsiyyətcil mətbuat katiblərindəndir Aysel xanım. AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri kimi nə zaman arasan, cavabları hazırdır.

Qurumun mətbuat xidmətinin digər əməkdaşı Rəşad Mehdizadənin də haqqını yeməyək. Çox vaxt tam zamanında dadımıza çatır.
 
Natəvan Bayramova: “Bütün suallarınızı cavablayacam”


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovadan nadir hallarda “araşdırıb deyərəm, öyrənib məlumat verərəm sözünü eşidərsiniz. Sual ağızdan qurtarmamış, cavabını verir.


Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əlidən yazmaq istəyirdik, xəbər gəldi ki, ərizə yazıb işdən çıxıb. Ümid edirik, bu vəzifəyə yeni təyin olunan, həm də böyük təcrübəyə sahib Mehman Qayıbovla da xoş ünsiyyət yarada biləcəyik.
 
Şahin Əliyev: “Hər kəslə dost olmağa çalışırıq”


DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev hər zaman missiyasına sadiqdir. Dostyana davranışı ilə çalışdığı qurumun layiqincə təmsil edir.
 
Elnur Niftəliyev: “İşiniz asan olsun”


Bu fikri “Asan Xidmət”in mətbuat sözçüsü Elnur Niftəliyev haqda da demək olar. O,  həm xoş rəftarı, həm də peşəkar fəaliyyəti ilə işimizi sözün bütün mənalarında asanlaşdırır. 
 
Kənan Quluzadə: “Yazının linkini mənə də atarsan”


Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadəylə hər jurnalist asanlıqla ünsiyyət qurur. Pandemiyanın işlərinə yaratdığı əngəllərdən yana ürəyi doludur. İmkan düşdükcə, turizmin əvvəlki qaydada bərpası ilə bağlı həvəslə danışır”. 


Məryəm Qafarzadə: “Təşəkkürə dəyməz, bu bizim işimizdir”  


Mədəniyyət Nazirliyində İntiqam Hümbətovun sərt, təpkili cavablarından sonra Məryəm xanım Qafarzadənin mehriban səsi və operativ cavabları adama məlhəm kimi gəlir. İşində yeni olan bu xanımı bütün həmkarlarımızın sevəcəyinə əminik. 

Fənarə Bünyadzadə: “Rəhbərliyə deyim, xəbər edərəm”


Tez-tez zəng edib axtardığımız bir mətbuat katibi də var. Əvvəllər ildə bir dəfə yada düşən bu qurum indi bütün jurnalistlərin məlumat qaynağıdır. Bax, məhz bu münasibətləri tənzimləmək də bu gülər üz, səmimi xanımın öhdəsinə düşüb. ÜST-ün Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fənarə Bünyadzadəni deyirik. Hande Harmancıya demək istədiyimiz, ürəyimizdən keçən hər kəlməni həmən rəhbərliyinə çatdırır. Müsahibə desən, müsahibə, sorğu desən sorğu. Bir sözlə, onunla da çalışmaq məmnuniyyətdir.

Beləcə, əziz həmkarlar, mətbuat təmsilçiləri, kiminizlə çalışmaq zor, kiminizlə çalışmaq xoşdur. Amma bütün hallarda hər biriniz bizim üçün dəyərlisiniz.