"Elə etməyin ki, sizi rüsvay edim!" - Flora Kərimova HƏDƏLƏDİ - VİDEO
    • 15-02-2021, 12:05
    • 439

"Elə etməyin ki, sizi rüsvay edim!" - Flora Kərimova HƏDƏLƏDİ - VİDEO

"İllər öncə "xuliqan"lıq eləmişəm. Zümrüd hələ 6, 7 aylıq körpə idi. Onu otuzdururdum ön tərəfə və 140 sürətlə maşın sürürdüm. Sizcə, buna görə mənə ağıllı demək olar? Ancaq onu da deyim ki, hələ bir dəfə olsa belə sükan arxasında mənə sataşan olmayıb. Yeganə müğənni qadın idim ki, mənə hörmətlə yanaşırdılar. İlk maşınım "Juquli 07" markasında olub. Hər dəfə də maşını vururdum, sonra da həyat yoldaşım yenisini alırdı".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ATV-də yayımlanan "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. O, söhbət əsnasında vəsiyyətini də açıqlayıb: "İstəyirəm ki, dünyadan köçdüyümü heç kim bilməsin. Bilirəm, bu mümkünsüz bir şeydir. Çünki dəfnimə hər kəs gələcək, axın olacaq. Uşaqlarım o boyda insanı necə qarşılayıb yola-salacaqlar bilmirəm. İstəmirəm ki, insanlar şəklimə baxıb desinlər ki, yazıq dünyadan köçdü, ya da "yaxşı insan olub". "Olub" sözü məni çox üşüdür".

Söhbət zamanı F. Kərimova "Röya ilə aranızda sülh yaranıb?" sualını cavablayıb: "Röyanın ürəyi var. Bilirsiniz, o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, - onu bələmək, sığallamaq istəyirsən, - onları xatırladır. Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram. Çox illər əvvəl o mənim qızıma dedi ki, anana sahib çıx. Röyaya o sözü bağışlamadım. Bir dəfə ondan qisasımı aldım".

Müğənni Xalq artisti Faiq Ağayevlə münasibətindən də danışıb: "Bu yaxınlarda məni çox təriflədi, ancaq bizim münasibətlərimiz alınmadı. Qızım dedi ki, "bəzi insanların səhvlərinin üstündən keçirsən, amma bəzilərinin yox, niyə?". Mən ağıllıdan umuram, uşaq deyiləm. Bir dəfə bir hadisə oldu. Faiq Ağayev mənə dedi ki, qıcqırmış eqo! Bundan sonra Faiqə üzümü bozartdım. O da başa düşdü ki, bunun axırı pis olar. Dəyməsinlər mənə! Elə etməyin ki, sizi rüsvay edim. Mənə sataşanlar xeyir görmür. Çünki, hamınız haqqında məndə dosye var. Özüm yığmıram, bunu edənlər edir. 80 yaşım var, mənim ailəmdən nə istəyirsiz? Nəyi bağışlamırsınız mənə? Səsimi ya qismətimi?".

Xalq artisti illərlə düşmən olduğu mərhum İlhamə Quliyevadan da söz açıb: "Deyirdilər ki, yeddi əri var. Mən tabut dalınca getmişəm. Onu Allah yazıb, mən də yaşamışam. Ancaq bunu mənim üzümə şapalaq kimi vururdu... Sənə bir ər də qismət olmadı. Millətim məni bağışlasın, ər məşuq deyil. Mənə deyirsən ki, yeddi dəfə ərə gedib. Mən ana, evimin xanımı, qulluqçusu olmuşam. Sənin payına nə düşdü? Sən övladın məktəbə gedəndə, ac qalanda nigaran qaldınmı? Təbii ki, yox. Allah ona bu xoşbəxtliyi rəva bilmədi. Sən də mənim dalımca danışırsan, ərlərimi sayırsan. Mən ər çörəyi yemişəm, 15-50 ərim olsa da. Əgər, Allah ər çörəyimi kəssə, camaatın çörəyi yeyərəm. Küçə sərgüzəştlərinin çörəyini yemərəm. O, sağ vaxtlarında dəfələrlə mənimlə barışmaq istəsə də alınmadı. Əgər, barışsaydım dediyi bütün sözləri qəbul etməliydim. Bu necə ola bilər? Mənəviyyatını tapdalamağa qoymayan insanlar qalibdirlər. Amma ifasını bəyənirdim. Onun mahnısını bir neçə nəfər oxudum, amma mənə heç yapışmadı. İfalarını yanğılı oxuyurdu. Doğrudan da yanırdı. Ancaq xasiyyəti xasiyyət deyildi. O hərdən elə oxuyurdu ki, adamın ürəyi ağrıyırdı".

Xalq artisti Flora Kərimova küsülü olduğu Əməkdar artist Cavanşir Məmmədov barədə də danışıb: "Cavanşir mənim dayım oğludur, ailə üzvümdür. Aramızdakı anlaşılmazlığın səbəbini açıqlamaq istəmirəm. Amma anamın və mənim onun üzərində çox böyük zəhməti olub. Dilim gəlmir onun barəsində nəsə deyim. Amma mən ona pis bibiqızı olmamışam. Mən onu odlardan çıxartmışam. Təəssüflər ki, o təkcə mənə dayıoğlu olub. İndi münasibətimiz yoxdur. Mən ona can da atmıram. Amma başına nə iş gəlsə, ona canımı verərəm. Onu anam çox istəyirdi. Bir qardaşın yadigarıdır. Qismət olmadı, biz yaxın olaq".

Sevda Bayramova