"Hicab  QƏBAHƏT DEYİL, əsas məsələ təhsilin KEYFİYYƏTİDİR" - EKSPERT
    • 18-02-2021, 14:17
    • 578

"Hicab QƏBAHƏT DEYİL, əsas məsələ təhsilin KEYFİYYƏTİDİR" - EKSPERT

Bir neçə gündür ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın hicab taxan bir neçə məktəbliyə qarşı kobud münasibət göstərməyi ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, direktor şagirdlərin hicabını açıb və buna etiraz edən valideynlərə də təzyiq göstərilib.

Məktəbin direktoru Taliyə Mirzəyeva da sözügedən məsələ ilə bağlı danışarkən bildirib ki, hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb: “Mən uşaqla yox, onun anası ilə danışdım. Daha sonra uşaq da özü sinfə girib çadrasını çıxardı. Heç bir şiddət ola bilməz”.

Məlum hadisədən sonra sosial şəbəkələrdə insanlar bir neçə qruplara bölündü və bu məsələ ciddi müzakirələrə səbəb oldu. Qərarı aqressiv qarşılayanlar da oldu, doğru hesab edənlər də. 
Bəs, ekspertlər bununla bağlı nə deyir? 

News24.az bu məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmovun fikirlərini öyrənib. 

Ekspert sözügedən məsələdə məcburiyyət tətbiq etməyin yolverilməz olduğunu bildirib:

“Dünya təcrübəsinə nəzər yetirsək, Uzaq Şərqdən bizim qərbimizdə yerləşən ölkələrə qədər – Amerika, Kanada, Sinqapur, Çində bu məsələlər artıq öz həllini tapıb. İnsanlar geyimlərini özləri müəyyənləşdirir. Müəyyən məktəblərin geyim kodeksi belə artıq rahatlaşır. Şimali Koreyaya və ya sovet təfəkküründən çıxmamış MDB ölkələrinə getsək, görərik ki, onlar hələ də müzakirə edirlər - universitetin həyətində saqqız çeynəmək və ya şort geyinmək olarmı? Biz müasir düşüncədəyiksə, bunları aşmış olmalıyıq. 

Müəllim və ya şagirdin hicab taxmağı və başqa dinlərin nümayəndələri olmalarının heç bir əhəmiyyəti yoxdur. İnsanın geyimi onun azadlığının müəyyən ifadə formalarından biridir. Başqalarının geyiminə qarışmağın özü yanlışdır. Ümumi olaraq hansısa geyim kodeksi örtünmə mahiyyəti daşıyırsa, bizdə qorunma vəzifəsi kimi anlaşılır. Yaxud da fərdin öz şəxsi kimliyini ortaya qoyması kimi qəbul edilir. Paltarın ortaya çıxma məqsədinə baxsaq, aydın olar ki, geyim soyuqdan qorunma və daha sonra isə gözəl görünmək üçün istifadə olunurdu. Ən son dövrlərdə artıq insanlar paltarların üzərindəki simvollarla hər hansı siyasi və ya dini kimliyini göstərməyə başladı”. 


Ekspert bildirib ki, bəlkə də müəllim üçün geyim kodeksi qoyula bilər, ancaq təhsil alan üçün bunu etmək doğru deyil: “Müəllim işlədiyi müəssisəyə tabedir. Ancaq şagirdlərlə bağlı belə tabelik münasibəti yoxdur. Hazırda Azərbaycanda beynəlxalq məktəblərdə şalvarı cırıq ola, yaxud da rahat geyimlə dərsə girən müəllimlər görə bilərik. Bunu qəbul etməliyik. Əsas məsələ budur ki, müəllim elm öyrədirmi, işini bilirmi və şagirdlərlə ünsiyyəti doğrudurmu?! Bu fikirlər mənim təxəyyülümün məhsulu deyil. Reallıq budur. 

Ümumi qərarlar mənə və ya başqasına görə yox, elə məhz ümumi mənfəət üçün verilməlidir. İnsanların ideologiyalarını hər kəsə şamil etmək yanlış yanaşmadır. Əgər demokratik ölkədə yaşayıb, liberalizmə qanad açmışıqsa, bu məsələləri biz artıq keçmiş olmalıyıq. İstisna bir hal var. Əgər valideyn övladını hicab taxmağa məcbur edirsə, bu halda direktor Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verə bilər. Ancaq yenə də direktor həmin şagirdə irad tuta və valideynə təzyiq göstərə bilməz. Hüquqda belə bir maddə də yoxdur ki, valideyn övladına zorla hansısa ibadət ayinini icra etdirsin. Yekun olaraq deyim ki, belə bir situasiyada insanları mühakimə edib, dəyişdirməyə məcbur edə bilmərik. İnsanların öz qərarları var və hörmət etməyi bacarmalıyıq”. 

Məhərrəm