Ermənistan polisi etiraz aksiyasını zorakılıqla dağıtdı – Bir jurnalist yaralandı
    • 23-02-2021, 14:13
    • 505

Ermənistan polisi etiraz aksiyasını zorakılıqla dağıtdı – Bir jurnalist yaralandı

Ermənistan polisi Nazirlər Kabinetinin 3 nömrəli binası qarşısında bu gün keçirilən etiraz aksiyasının iştirakçılarına qarşı sərt tədbirlər görməyə başlayıb.  

News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyana qarşı “Nikol, xain”, “Nikol, Türk” şüarları səsləndirən etirazçılar polisin zorakı davranışları ilə qarşılaşıblar.

Müxalifət tərəfdarlarından birinin həbsi zamanı “Sputnik Armenia”nın operatoru Aram Nersisyan da xəsarət alıb. Polislər onu itələyərək yerə yıxıblar. 

Məlumata görə, hökumət binalarının qarşısında polis dəyənəkləri ilə üzləşən etirazçılar aksiyanı davam etdirmək üçün İrəvanın müxtəlif küçələrinə üz tutublar. Ermənistanın News.am saytı xəbər verir ki, aksiyalar zamanı 50-dən artıq müxalifət tərəfdarı saxlanılıb. Onlardan bir neçəsi ağır bədən xəsarəti alıb. 

Qeyd edək ki, aksiyanın təşkilatçıları səhər saatlarından etibarən hökumət binalarına girişi bağlamağı palanlaşdırıblar. Lakin dövlət obyektlərinin ətrafında çox sayda polis qüvvələri cəmləşdiyindən əvvəlcədən müəyyən edilmiş plan üzrə hərəkət etmək mümkün olmayıb. Polis baş nazir Nikol Paşinyan hökumət binasına daxil olmasını da təmin edə bilib. 

Xatırladaq ki, İrəvanda bundan əvvəl keçirilmiş etiraz aksiyaları da polisin amansız davranışları, zorakı metodları ilə dağıdılıb. Həmin aksiyalar zamanı, həm vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, həm də jurnalistlər Ermənistan polisinin qanunsuz hərəkətləri ilə üzləşiblər. Ümumiyyətlə, son dövrlər Ermənistanda insan haqlarının kobud şəkildə posulması adi hal alıb. 

News24.az