"Dağlıq yox, vahid Qarabağ var” - DEPUTAT
    • 1-03-2021, 18:49
    • 322

"Dağlıq yox, vahid Qarabağ var” - DEPUTAT

26 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda mətbuat konfransı keçirib.
Videokonfransda ölkə başçısı bir sıra vacib məsələlərə toxunub. Prezidentin fikirlərində səslənən iki məsələ - “Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” fikri və işğaldan azad edilmiş rayonların bir qismi haqqında “Şərqi Zəngəzur” terminindən istifadə etməsi isə daha çox diqqət çəkib.


News24.az sözügedən məsələlərlə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrənib.

O bildirib ki, hazırkı mərhələdə artıq yeni reallıqlar yaranıb: “Qarabağ həm dağlıq, həm də aran hissələrdən ibarətdir. Ancaq hazırda bu bölgü bizim üçün qəbuledilməzdir. Vahid Qarabağ Azərbaycanın tərkib hissəsidir. Cənab Prezident qeyd etdi ki, terminologiya ilə spekulyasiya etməyin mənası yoxdu. Guya yalnız Dağlıq Qarabağın ətrafındakı rayonlar işğaldan azad edilib. Erməni revanşistləri düşünməsinlər ki, Dağlıq Qarabağ ərazisinə onların iddiası reallaşa bilər. Bu, qeyri-mümkün məsələdir. Kimlər bu xülyaya düşürsə, onların başını əzən, bel sütununu sındıran dəmir yumruğu görəcəklər. Yəni açıq formada Prezident öz mövqeyini ifadə etdi. Prezidentin bu ismarıcı çox ciddidir. Ermənistanın mövcud hakimiyyəti və hakimiyyətə iddialı olanlar bundan nəticə çıxarmalıdırlar”.  

Deputat vurğulayıb ki, bizim heç kimin torpağında gözümüz yoxdur: “Dövlət başçısı da qeyd elədi ki, iyulun 12-dən 16-na qədər ermənilərin Tovuz istiqamətindəki hərbi təxribat zamanı hətta biz Ermənistan ordusunu yerində otuzdurub, hücumumuzu davam etdirə bilərdik. Lakin bizim belə bir hədəfimiz və başqa ölkənin ərazisinə iddiamız yoxdur. Bundan əlavə, heç kimin Azərbaycan torpaqlarında ərazi iddiasını qəbul etmirik. Hesab edirəm ki, Zəngəzurla bağlı məsələlərdə də eyni yanaşmadır. Sadəcə, dövlət başçısı bu məsələləri xatırladır ki, faktiki olaraq bu gün sizin Ermənistan Respublikası dediyiniz ərazilər də tarixi Azərbaycan torpaqlarıdır.  Ölkə Prezidentinin səsləndirdiyi fikirlər çox böyük məna kəsb edir”.  

Siyasət şöbəsi