Bakıda daha iki məktəb koronavirusa görə bağlandı
    • 10-03-2021, 12:43
    • 651

Bakıda daha iki məktəb koronavirusa görə bağlandı

Paytaxtdakı 274 və 320 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə,  274 nömrəli tam orta məktəbdə çalışan 4 nəfər müəllimin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdiriləcək.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. 
Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin say artımına təkan verir. 

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.