Uçurumun dibindəki xalq və İlham Əliyevin illər əvvəlki xəbərdarlığı – Nə demişdirsə, o da oldu! - BİZİM ŞƏRH
    • 10-03-2021, 18:49
    • 3 557

Uçurumun dibindəki xalq və İlham Əliyevin illər əvvəlki xəbərdarlığı – Nə demişdirsə, o da oldu! - BİZİM ŞƏRH

İkinci Qarabağ Müharibəsi təkcə torpaqlarımızın işğaldan azad olunması və erməni ordusunun sıradan çıxarılması ilə nəticələnmədi. Bu müharibə həm də Ermənistanın bir dövlət olaraq dayaqlarını sarsıtdı, ölkənin ictimai-siyasi və   sosial-iqtisadi həyatınını böhranlı fazaya yönəltdi. Hazırda erməni cəmiyyətində sosial, iqtisadi, siyasi və pisixoloji gərginlik, demək olar ki, pik həddinə çatıb. 

Ermənistandakı böhranlı vəziyyətin yaxın müddətdə aradan qalxacağı inandırıcı görünmür. Hazırkı vəziyyətin bütün konturları onu göstərir ki, gərginlik tədricən daha kəskin mərhələyə keçid alacaq. İqtisadiyyat çöküb, maaşların, pensiyaların və sosial müavinətlərin ödənilməsində ciddi problem yaranıb, ixrac və idxalın həcmi əhəmiyyətli dərəcədə azalıb... Ekspertlərin hesablamalarına görə qarşıdakı aylarda Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşacaq. 

Dövlət idarəçiliyində də acınacaqlı situasiya müşahidə olunmaqdadır. Dövlətin bütün strukturları demək olar ki, iflic vəziyyətdədir. Küçələrdən çəkilməyən etirazçılar parlamentin normal fəaliyyətinə imkan vermir. Deputatlar qanunverici orqanın binasına daxil ola bilmirlər.  Baş nazirin imzaladığı sənədlərə əhəmiyyət verilmir. Ordu mərkəzi hakimiyyətə tabe olmaq istəmir. Baş qərargah rəisi istefaya göndərilməsini qəbul etmir, Prezident bir-birini təkzib edən açıqlamalar verir, müxalif qüvvələr bir gün vahid mövqedən çıxış etsələr də, ertəsi gün fərqli bəyanatlar yayaraq bu düşərgədə də əsasən şəxsi maraqların ön planda olduğunu göstərirlər. Məsələn, müxalif “Maariflənmiş Ermənistan” Partiyasının və eyniadlı parlament fraksiyasının lideri Edmon Marukyan bir neçə gün öncə açıqlamışdı ki, ölkədəki siyasi böhrandan çıxmaq üçün baş nazir Nikol Paşinyanla Memorandum imzalamağa hazırdır. Bu gün isə o, fikrindən daşındığını bəyan edib. Digər müxalif təşkilatlar da bu günə qədər vahid fəaliyyət xətti nümayiş etdirə bilməyiblər. Hər gün ortaya yeni iddialar atılır və əvvəlki bəyanatlardan imtina açıqlamaları verilir. Paşinyanın özü isə son günlər əsasən mühafizəsini gücləndirməklə məşğuldur. Ermənistan mətbuatının yazdığına görə, baş nazirin mühafizəsinə bu gündən etibarən əlavə 120 polis əməkdaşı da cəlb olunub. Paşinyanın yaxın ətrafından bununla bağlı bildirilib ki, mühafizənin gücləndirilməsi, baş qərargah rəisi postunu buraxmaq istəməyən Onik Qasparyanın tərəfdarı olan hərbçilərin baş naziri girov götürə biləcəklərindən dolayı yaranmış narahatlıqdan irəli gəlib. 
Yerevanda müxalif fəalllara qarşı repressiyalar da dayanmır. “Demokrat” qiyafəsi ilə hakimiyyətə gəlmiş Paşinyanın göstərişi ilə yüzlərlə şəxs məhz siyasi motivlərlə dəmir barmaqlıqlar arasına salınıb. Aksiyalar zamanı polisin vətəndaşlara qarşı amansız davranışları müşahidə olunur. 
Ümumiyyətlə, bu gün Ermənistanda baş verənlər onu göstərir ki, erməni cəmiyyəti uçurumun dibinə yuvarlanıb. Ermənistan dövləti faktiki olaraq öz mövcudluğunu itirmək təhlükəsilə üzləşib. Əlbəttə, bu aqibətdə də təəccüblü heç nə yoxdur. Zamanında Azərbaycan Prezidenti Ermənistanı xəbərdar etmişdi. İşğalçılıq siyasətindən əl çəkməyəcəkləri təqdirdə hansı acınacaqlı vəziyyətlə qarşılaşacaqlarını dəqiqliklə söyləmişdi.   İllər əvvəl deyilmiş sözləri bir də yada salaq: “Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər...” 

Düşdü də!

Azərbaycan Prezidenti necə demişdirsə, elə də oldu! 

Bu gün Ermənistanda yaşananlar Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Ermənistanı bu günə biz gətirdik – Azərbaycan prezidentinin heyrətamiz siyasəti və Ordusunun möhtəşəm qələbəsi!
 
News24.Az