"Küsülü olduğum sənətçilərin də sirrlərini açacağam" - ANAR AĞAKİŞİYEV - MÜSAHİBƏ
    • 25-03-2021, 13:09
    • 930

"Küsülü olduğum sənətçilərin də sirrlərini açacağam" - ANAR AĞAKİŞİYEV - MÜSAHİBƏ

Dünyaca məşhur stilist Anar Ağakişiyev News24.az-ın suallarını cavablandırıb.

- Martın 27-si "Xəzər TV"də yeni layihənizə start veriləcək və orada sizi aparıcı kimi görəcəyik...

- Bəli. Bununla bağlı Xalq artisti Murad Dadaşova və "Xəzər TV"nin baş prodüsseri Toğrula xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Məhz onlar məni aparıcı qismində görmək istədilər. Əslində, bir az riskli format idi, mən də özümü orda görmürdüm, amma onlar məni bu tərəddüdlərimdən vaz keçirtdilər. Bilirsiniz ki, Murad Dadaşov adı həmişə "reytinq" kəlməsi ilə səsləşir. Bu səbəbdən də ona tamamilə güvəndim və razılaşdım. Proqramda sənət adamlarıni həm zahiri görünüşünə dəyişəcəm, həm də onlarla həmsöhbət olacam. Bununla yanaşı illərlə heç kimlə bölüşmədiyim makiyaj sirrlərimdən də danışacağam. Bir sözlə, "Dəyişən cavab" həm də marifləndirmə xarakteri daşıyacaq. 


- "Dəyişən cavab"ın ilk ulduz qonağı Xalq artisti Flora Kərimova olacaq. Verilişin anonsu insanları kifayət qədər təəəccübləndirdi. Bizi daha hansı yeniliklər gözləyir?  

- Layihənin bir neçə buraxılışını artıq çəkmişik. Amma ilk verilişin yayımlanmasını özüm də səbirsizliklə gözləyirəm. Çünki Flora xanım orda heç vaxt, heç yerdə danışmadığı və illərlə gizli qalan məsələlərdən bəhs edəcək. Anonsa ilk dəfə baxanda özüm də çox həyəcanlandım, amma verilişi hələ izləməmişəm. İnanın ki, günləri sayıram... Dua edirəm ki, Allah məni tamaşaçı qarşısında utandırmasın və reytində ilk pillələrdə olum. Onu da deyim ki, "sirrlər açılacaq" sözünü nahaq deməmişəm. Çünki verilişdə qonaqlarım arasında mənim münasibətlərimi kəsdiyim, zamanında mübahisə yaşadığım bəzi şou-nümayəndələri də olacaq. Yeni bir ev sahibi olaraq onları dəvət eləməyi də vacib saymışam.

- Adlarını çəkə bilərsiniz?


- Marağı qaçar. (gülür) Tamaşaçılar bir az gözləyib hər şeyi görəcək. 

- Türkiyədə işləriniz necə gedir?

- Hər şey yaxşıdır. Türkiyə mənim ikinci evimdir. Hələlik buradam. Amma Azərbaycanda toylar açılan kimi heç düşünmədən geri qayıdacağam. Təki toylar açılsın. Sizə bir sirr də açım. Bu yaxınlarda Türkiyədə çox tanınmış bir moda layihəsində münsiflik təklifi də almışam, amma hələlik götür-qoy edirəm. 



- Bir müddət öncə Türkiyənin divası Bülənt Ərsoyu da dəyişdiniz. Gerçək həyatda necə bir insandır? Ulduz kimi kaprizləri var?

- Bülənt Ərsoyla həm işbirliyimiz, həm də dostluq münasibətlərimiz var. Qısa vaxtda bir-birimizə çox sıx bağlanmışıq. Çox səmimi xanımdır. O, həqiqətən də türk dünyasının divasıdır. Bu cür səs dünyaya bir daha gəlməyəcək. Demək olar ki, hər gün ya telefonla danışırıq, ya da görüşürük. Düşünürəm ki, pandemiya bitəndən sonra yeni bir layihədə birgə olacağıq. Bu, klip çəkilişi də ola bilər.