Bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə görüş keçirildi
    • 6-04-2021, 19:05
    • 346

Bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə görüş keçirildi

Aprelin 6-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı qaydaları ilə bağlı onlayn görüş keçirib.

News24.az xəbər verir ki, görüşdə AQTA-nın sədr müavinləri Rəşad Mafusov, Balarəhim Quliyev, AQTA yanında İctimai Şuranın üzvləri, eləcə də bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları iştirak edib.

AQTA-nın sədr müavini Rəşad Mafusov ölkəmizdə bitki sağlamlığının təmin olunmasını, standartlara cavab verən yüksək keyfiyyətli məhsulların əldə edilməsini, həmçinin işğaldan azad olunmuş  torpaqlarda zəngin bitki örtüyünün bərpası məsələlərini qarşıda qoyulan əsas vəzifələrdən biri kimi xarakterizə etmiş, pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunmasının vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərarından irəli gələn tələblərə uyğun olaraq, qeydiyyatdan keçməyən, standartların və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin idxalı cəhdləri yolverilməzdir. Bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə  müvafiq tədbirlər həyata keçirilməkdədir.

Görüşdə həmçinin, beynəlxalq təcrübəyə uyğun olaraq, bitki mühafizə vasitələri və  gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmaların aparılması və təsiredici maddələrin qadağa siyahısının elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun olaraq yenilənməsi məsələləri də diqqətə çatdırılmışdır.

Bununla  bağlı olaraq müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət  “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş  preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası” tərəfindən təsiredici maddələrlə bağlı aparılan elmi araşdırmaların nəticələri və beynəlxalq ekspertlərin rəyləri əsasında bir sıra təsiredici maddələr qadağa siyahısına əlavə olunub.

Bu haqda idxalçı sahibkarlara məlumat verilmiş və xarici partnyorları tərəfindən nəzərə alınması üçün onların əvvəlcədən məlumatlandırılması tövsiyə olunmuşdur. Diqqətə çatdırılmışdır ki, qadağa siyahısı rəsmi prosedurlar başa çatdıqdan sonra ictimailəşdiriləcək.

Onlayn görüşdə bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçılarının sualları cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və müvafiq tövsiyələr verilib.