Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası keçirilib
    • 12-04-2021, 11:59
    • 510

Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası keçirilib. İclasda Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə iştirakçılara geniş məlumat verib. Azərbaycanla Ukrayna arasında aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən nazir müavini hər iki dövlətin müvafiq qurumları arasında birgə müzakirələrin aparılmasını vacib sayıb.  

News24.az xəbər verir ki, Ukrayna tərəfindən İşçi Qrupunun həmsədri, Ukrayna Respublikasının iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka işçi qrupun ilk iclasının gündəliyinin zəngin olduğunu, hər iki dövlətin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb.

İşçi Qrupun iclasında Azərbaycanla Ukrayna arasında kənd təsərrüfatı məhsullarının ticarəti, investisiyaların qoyuluşu sahəsində, heyvandarlıq, bitkiçilik və orqanik istehsal, şərabçılıq, kənd yerlərinin inkişafı, elmi tədqiqat işləri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini geniş müzakirə olunub.

Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.