Zəngilanın işğalından 25 il ötür
    • 29-10-2018, 10:40
    • 2 152

Zəngilanın işğalından 25 il ötür

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.
 
 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
 
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
 
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
 
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
 
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
 
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
 
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
 
Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.
 
Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirlər.
Həmçinin oxuyun