Türkiyə və Azərbaycan arasında yol vergisinin ləğvi nəzərdə tutulmur - DGK
    • 30-04-2021, 15:23
    • 375

Türkiyə və Azərbaycan arasında yol vergisinin ləğvi nəzərdə tutulmur - DGK

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qardaş ölkə - Türkiyə Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçən zaman alınan gömrük ödənişləri ilə bağlı yanlış şərhlər, həqiqətə uyğun olmayan məlumatlar yayımlanır, həmin nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrindən sürətli keçidinə maneələr yaradıldığı iddia olunur.

Bu barədə News24.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata əsasən, yük nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə - Azərbaycan Respublikasının Vergi Məcəlləsi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq tənzimlənir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir və bu Məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Qeyd edək ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı daşınan yüklərin təhlükəlilik dərəcələri 18 iyul 2000-ci il tarixli 913-İQ saylı Azərbaycan Respublikasının qanununa əsasən "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq müəyyən edilir. Daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq tətbiq olunan yol vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq həyata keçirilir. Həmçinin, malların təhlükəlilik dərəcəsinin dəqiq müəyyən edilməsi üçün sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçı tərəfindən verilmiş təhlükəsizlik pasportunda malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi tətbiq edilmir.

Bununla yanaşı, beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.
Qeyd edək ki, Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb.

Qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır. Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır.

Yayılan məlumatların təhlili zamanı diqqət çəkən məqamlardan biri də Türkiyə Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələrindən Azərbaycanın gömrük ərazisindən keçdikləri zaman alınan gömrük ödənişlərinin 20 ildən artıqdır ki tətbiq edilməsinə baxmayaraq, məsələnin indi gündəmə gətirilməsidir.

Gömrük işinin təşkili hər bir ölkənin milli qanunvericiliyi əsasında tənzimlənir və qeyd olunan bu kimi məsələlər iki ölkənin hökumətləri və aidiyyəti qurumları arasında mütəmadi müzakirə edilir.

Azərbaycan və Türkiyə qardaş, strateji tərəfdaş ölkələrdir, iki dövlət arasındakı ticarət dövriyyəsi zamanı mal və nəqliyyat vasitələrinə qarşılıqlı olaraq tətbiq edilən vergi, rüsum və digər ödənişlərin aşağı və ya yuxarı dərəcəli olması bu münasibətlərə əsla xələl gətirə bilməz və bu mənada məsələyə siyasi çalarların əlavə olunması qəbuledilməzdir.