Yetim oğul, nakam ata, hər kəsi güldürüb dərdinə ağlayan Arif Quliyevlə VİDALAŞMA - VİDEO
    • 7-05-2021, 19:30
    • 667

Yetim oğul, nakam ata, hər kəsi güldürüb dərdinə ağlayan Arif Quliyevlə VİDALAŞMA - VİDEO

Güldürən və düşündürən sənətkar. O, Azərbaycan kino və teatrının bəlkə də ən gülərüz siması idi. Dediyi bütün sözlərlə, fikirlərə, gözlərindəki parlaq işığı ilə daim qəlbələri isidib. Heç vaxt baş rolu canlandırmasa da, hər kəsin qəlbinə yol tapmağə bacaran, uşaqdan böyüyə hamının üzündə təbəssüm yaradan Xalq artisti, gülüş ustası Arif Quliyev... 
Təəssüf ki, bir neçə gün idi ki, onu sevənlər məyus idi. Çünki bütün dünyanın öz cənginə alan koronavirus bəlası sevimli aktyorumuzdan da yan keçməmişdi. Doqquz gün xəstəxanada müalicə alan Xalq artisti bu gecə gözlərini əbədi olaraq yumdu.

Xəbəri eşidən hər kəs Arif Quliyevin evinin önünə toplaşdı. Burda onunla sonuncu dəfə vidalaşdı. Ailə üzvləri, həmkarları, sevənləri. Hər kəsin üzündə kədər, qəm, qüssə vardı. Heç kim inanmaq istəmədi xəbərə. 

Aktyorun qızı Günel Quliyeva atası haqqında göz yaşı içində danışdı: "Sonuncu dəfə atamla görüntülü danışdıq. Məsə söz verdi ki, sağalacam, nəvəmin toyunu özüm edəcəm. Sözünü tutmadı. Məni tək qoydu. Sağalacağına inanırdı. Səhhəti yol vermədi, orqanları dözmədi, beyni tab gətirmədi. Çox ağırdır.  Arada bir az yaxşılaşmışdı, amma dünən günortadan sonra vəziyyəti çox ağırlaşdı. Bu da Arif Quliyevin sonu". 

Mərhumla çiyin-çiyinə çalışan Xalq artisti Valeh Kərimov hələ də bu xəbərə inanmadığını dedi: "Bura gələndə qonşulardan Arif Quliyevin evini soruşdum. Dedilər ki, nə olub? Dedim, Arif rəhmətə gedib. İnanın, o qonşu necə pis oldu. Çünki onu hər kəs sevirdi. Onun nə ilə nəfəs aldığını da bilirdilər. Yəni bu qədər xalqa yaxın sənətkar idi. Həm çox yaxşı, həm də xeyirxaq, əliaçıq insan idi. Dosta, yoldaşa yanımçıl adam idi. Sonuncu dəfə bir ay öncə görüşmüşdük. Nə vaxt bir araya gəlirdiksə, Arif bizə qucaq açırdı. Arif xalqı sevindirən adam idi. Onun gəlişi hər kəsi sevindirirdi. Arifin özü bir teatr idi. Çox yaxşı oxumağı, səsi, parodiyaları, lətifələri var idi. Yəni, susmaq bilmirdi. Mən onunla yol-yoldaşı da olmuşam. Öz maşını ilə məni Mingəçevirə aparmışdı. Yolda da ancaq zarafatlaşırdı. Arif xalqın içindən getdi". 

Əməkdar artist Kübra Əliyeva da aktyoru son mənzilə yola salmağa gəlmişdi: "Yaşıma görə yas yerlərinə getməyə ailəm icazə vermir. Oğlumdan icazə alıb Arif Quliyevi son mənzilə yola salmağa gəldim. Bu, mənim borcum idi. Biz 30 il birlikdə çalışmışıq. Arif hər evin adamı idi. Hansı rayona gedirdik bir bacısı, qardaşı, anası, atası çıxırdı. Onun elə dərdləri var idi ki, xalqla bölüşürdü. Xalqından heç nə gizlətmirdi. Çox heyif... O, oğlunun ölümündən sonra çökdü.. Vəzifəsini yerinə yetirib xalqını güldürürdü, amma içi qan ağlayırdı. Çinarın yarpaqları bir-bir tökülür. Yerdə qalan sənətkarlarımızın qədrini bilək, qoruyaq". 

Əməkdar artist Elxan Qasımov də aldığı xəbərdən sarsıldığını dedi: "Arif bütün janrların dahi sənətkarı idi. İnsan, həyat sevən Arif Quliyev. O, qazandığı bütün pulları başqalarına xərcləyirdi. Nə qədər adama "ana" dedi, indi ana torpaq indi onu özünə çəkdi. Amma o, ölməyib. Arif sevənlərinin qəlbində daim yaşayacaq".

Xalq artisti Gülyanaq Məmmədova əziz, doğma insanlarından birini itirdiyini bildirdi: "Bizə çox doğma, əziz insan idi. Sənətkar kimi xalqımızın, hər kəsin doğmasıydı Arif müəllim. Hamımız onu çox sevirdik. Uşaqlıqdan onun tamaşaları ilə böyümüşük. Lənətə gəlmiş korona bəlası onu da bizdən aldı. İnsan dözmür, ard-arda neçə tanınmış insan dünyasını dəyişir. Bu itkilərə dözmək çox çətindir".

Xalq artisti Əli Nur da dost itkisindən danışdı: "Arif Quliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, teatrının, kinosunun bir cahanı idi. Arif Quliyev möcüzəli sənətkar idi. O, insanlara sevinc, gülüş, şadlıq gətirdi. İnsanlar ondan doya bilmirdi. Onunla Rusiyanın bir çox şəhərlərində yaşayanların ona heyranlıqlarını görmüşəm. Arif Quliyev bir çox dahi sənətkarımızı ustalıqla parodiya edib. Ona görə də ona vurulmamaq mümkün deyildi. Arif çox yaxşı dost idi. İnanın ki, onun olduğu yerdə heç kim əlini cibinə atmazdı. Çox əliaçıq idi". 

Xalq artisti son mənzilə alqışlarla yola salındı.

70 yaşlı Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov