“Şou-biznesdə çoxlu tərbiyəsiz müğənni var" - Rəvan Qarayev MÜSAHİBƏ - VİDEO - FOTOLAR
    • 11-05-2021, 18:39
    • 1 867

“Şou-biznesdə çoxlu tərbiyəsiz müğənni var" - Rəvan Qarayev MÜSAHİBƏ - VİDEO - FOTOLAR

Bu dəfəki qonağımız bir ayağı soyuq Rusiyada, digər ayağı Odlar Yurdumuz Vətənimizdə olan müğənni Rəvan Qarayevdir. İfaçı ilə bir çox məqamlardan danışdıq. Yaradıcılığından, şəxsi həyatından və toyların keçirilmədiyi pandemiya dönəmində qazancından. 
 
Rəvan Qarayevin News24.az-a verdiyi müsahibəni təqdim edirik:

                    
- Vətənim üçün çox darıxmışdım. Düzdür, Rusiyada hər şey yaxşıdır, amma Azərbaycan doğma vətənimdir. Hara getsəm də, yenə də evimə qayıdıram. Güman edirik ki, Azərbaycanda tezliklə toylar bərpa olunar, biz də öz işimizin başına keçərik. Çünki bir ildən çoxdur ki, işsizik. Hətta elə musiqiçilər var ki, bu vəziyyətə görə sənətdən uzaqlaşıblar. Onların yenidən sənətə qayıdıb, özlərini toparlaması zaman alacaq.   

- Vətənə qayıtdıqdan sonra verdiyiniz açıqlamalar diqqət çəkir. İstər Sevil - Sevinc bacıları, istərsə də, Rəqsanə İsmayılova haqqında söylədikləriniz... 

- Sevil-Sevinc bacıları barədə heç bir tənqidi fikir səsləndirməmişəm. Onlar efirlərin birində deyiblər ki, biz göyərti qiymətinə Moskvaya toy oxumağa getmərik. Mən də bu mövzu barədə neytral mövqe bildirdim. Amma sonra eşitdim ki, bacılar məndən inciyib. Fikirlərimdə artıq-əskik bir şey yox idi. Bilirsiniz, Moskvada vəziyyət burdakı kimi deyil. Orda dost-tanış səni öz məclisinə dəvət edə bilər, sən də pulsuz o məclisi oxuya bilərsən. Burda elə bir şey yoxdur. Qonorar, yoxsa hədiyyə, o artıq hər kəsin özünün biləcəyi işdir. Orda elə hörmətli insanlar var ki, zəng edib toya çağıranda qiymət deməyə utanırsan. Amma toya gedib iştirak etdikdən sonra düşündüyündən də çox qonorar ala bilərsən. Yəni belə məqamlar da olur.

 
- Bəs, Rusiyada qonorarsız məclis oxumusunuz? 

- Xeyr.  

- Rəqsanənin dediklərinə münasibətiniz necədir? Sizcə, o, həmin fikirləri sənət yoldaşlarını qısqandığı üçün deyir? 

- Xeyr. Rəqsanə xanımın kifayət qədər dinləyicisi var. Onu Rusiyada çox istəyirlər və toylarının da azaldığını düşünmürəm. Sadəcə, o deyirdi ki, toyu aparmağın qiymətini öldürməyin. Madamki evinizi, ailənizi qoyub çörək pulu qazanmaq üçün bura gəlmisiz, yaxşı qiymətə toy oxuyun. Və düşünürəm ki, o, bu məsələdə çox haqlıdır. Əgər Rusiyaya gəlmisənsə, qiymət aşağı olmamalıdır. Çünki özüm şahidəm, orda rəqabət həddindən artıq böyük idi. İfaçı çox, amma toy sayı azdır. Ən azından, düşünüldüyü qədər çox deyil. Orda müəyyən dərəcədə qruplaşmalar da var. Burdan ora gedən sənətçilər axşamlar görüşüb söhbətləşirlər. Yəni hərənin öz çevrəsi var.  

- Rəqsanə kafelərdə oxuyanları da sərt tənqid edib... 

- Mən kafelərdə oxumuram. Yalnız böyük salonlarda toy, ya da konsert verirəm. Amma kafedə oxuyana da pis baxmıram. Çünki onlar Rusiyaya çörəkpulu qazanmaq üçün gediblər. Çörək qazanmaq da ayıb deyil.  Sənətçi kafedə oxuyub ailəsinə çörək pulu qazanır. Burda pis nə var ki? Əgər birini kafeyə çağırırlarsa, o da getməlidir. Çünki müğənninin işi yerindən asılı olmayaraq oxumaqdır. Məgər orda yeyib-içən adamlar elə-belə adamlardır? Onlar da özlərinə görə insandır. Ürəkləri istəyib, yeməkləri xoşuna gəlib, kafenin mənzərəsini bəyənib oturub kiçik kafedə. Burda nə var ki? 



- Rusiyada olduğunuz müddətdə həmçinin ekstrasens Zirəddin Rzayevlə də yaxın dostluq münasibətiniz yarandı. Eşitdiyimizə görə, avto qəzaya da düşmüsünüz.. 

- Bəli, düzdür. Çoxları dedi ki, yalan danışmısınız, yəqin gündəm üçün bunu etdiniz, amma xeyr, həqiqətən də ölümdən qayıtdıq. Gecə vaxtı idi, Zirəddin mənə Moskvanı gəzdirirdi. Ani bir anda, bir göz qırpımda az qala ölürdük. Getdiyimiz yolda bir taksi sol tərəfdən bizə çırpıldı. Hava yastıqları açılmasaydı, bəlkə də vəziyyət çox pis olardı. Əslində, Zirəddin bu hadisənin olacağını hiss etmişdi. Maşında olanda dedi ki, getməyək o tərəfə, amma mən israrla getmək istədiyimə görə nəticə belə oldu.  

- Zirəddin Rzayevlə dost olduğunuza görə onunla əlaqə qurmaq və ya vasitəçiliyinizlə müraciət edən sənət yoldaşlarınız oldumu? 

- Çoxları istədi, amma mən heç nə demədim. İstəmirəm dostluğumuz bunun üzərində qurulsun. Biz orda yalnız gəzdik, dedik-güldük, konsertimə də gəldi. Onun işi barədə tək kəlmə belə kəsmədik. Heç özüm üçün belə heç nə istəmədim. İnanırsınız, elələri var idi ki, mənə zəng edib deyirdilər ki, “Rəvan, Zirəddindən soruşa bilərsən nə vaxt ərə gedəcəm?” (gülür) Mən bunu ondan necə soruşa bilərəm axı? Həm də ki, Zirəddinin baxması müəyyən məbləğ tələb edir və deyim ki, heç də aşağı qiymət deyil. Ona görə də adam utanır nəsə soruşsun, xahiş etsin. Amma sizə deyim ki, Zirəddini Rusiyada çox istəyirlər. Mən bunun şahidi oldum. Yadıma gəlir qəza olan gecə sənədlərimi otəldə unutmuşdum. Qorxdum ki, birdən nəsə problem olar. Amma sən demə Zirəddini orda hər kəs çox yaxşı tanıyır. İnanırsınız, evakuatoru idarə edən şəxslər, polislər hər kəs gəldi Zirəddinlə öpüşdü-görüşdü, şəkil çəkdirdi. Mən də rahat oldum ki, heç bir problem olmayacaq və olmadı da. 

- Yaradıcılığınızı yalnız toy üzərində qurmaq istəyirsiniz? 

- Mən öz işlərimi görürəm, mahnılarımı ifa edirəm, kliplər çəkdirirəm, konsert verirəm. Amma bütün bunları etmək üçün də mənə pul lazımdır. Onu da yalnız toydan əldə edə bilərəm. Bir ildir işsizəm. Necə klip çəkdirim, yeni paltar alım, maşınıma yanacaq vurdurum? Disk satışından, konsertdən gəlirim yoxdur. Bəs nə edim?  


- Bəzi həmkarlarınız bundan çıxış yolu kimi biznes qurdular.. 

- Mən etmədim, bu da səhvimdir.  

- Amma deyirlər ki, Kürdəmirdə şəxsi restoranınız var.  

- Xeyr, elə bir şey yoxdur. Kürdəmirdə hər dəfə yemək yediyim bir restoran var, o da mənim deyil.  

- Elə söhbət Kürdəmirdən düşmüşkən. Zaman-zaman orayla bağlı müxtəlif lətifələr və zarafatlar səslənir. Bunlar sizi incidirmi?  

- Bəli, çox düzgün vurğuladınız. Sosial şəbəkələrdə Kürdəmirlə bağlı müxtəlif şəkillər yayılıb. Biri Kürdəmir yazısının yanına od qoyur, digəri “Bığ” restoranı ilə zarafatlaşır. Belə olmaz. Məgər, Kürdəmir Azərbaycanın ən isti bölgəsidir? Mən elə rayonlarda olmuşam ora Kürdəmirdən qat-qat istidir. Sadəcə Kürdəmirin adı çıxıb. Kürdəmirin elə Kür qırağı kəndləri, meşələri var ki, ora çox sərin və gözəl olur.  

- İstərdim bir az da duetlərdən danışaq. Yaradıcılığınızda yalnız iki duetiniz olub. Atanız Elşad Qarayev və Əməkdar artist Könül Kərimova ilə. Bu siyahını uzatmaq fikiriniz yoxdur? 

- Var. Bu yaxınlarda Şəbnəm Tovuzludan duet təklifi aldım, onun üzərində çalışmağa başlayacağam. Amma ondan öncə türkiyəli həmkarımla bir araya gələcəyik. Sevda Özkoranla maraqlı bir duetimiz işıq üzü görəcək.  


- Sizcə, atanız və Könül Kərimovadan sonra bu duetlər uğurlu olacaq? 

- Biz duetin yaxşı, uğurlu və illərlə yaddaşda qalması üçün əlimizdən gələni edəcəyik. Qalanını dinləyicilərin ixtiyarına buraxacağıq. Amma həm Şəbnəm, həm də Sevda xanım çox yaxşı ifaçıdırlar.  

- Həmkarınız Mənzurə Musayeva belə bir açıqlama verdi ki, "bütün duet oxuyanlar eşq yaşayır". Bəlkə, buna görə duetlərinizin sayı az olub?   

- Düzdür, duet oxuyanların bəziləri eşq yaşayıb, amma hər kəs yox. Gərək, Mənzurə xanım əksər sözünü deyərdi. Bu sözü hər kəsə şamil etmək düzgün deyil. Elə duet ortaqları var ki, ailəlikcə dostluq edirlər.  

- Müğənni Xatirə İslam isə efirə çıxdığına görə telekanallardan pul tələb edir. Buna münasibətiniz necədir? 

- Bu alına biləcək iş deyil. Çünki bizdə sistem tam başqadır, xaricdəki kimi deyil. Gəlin, bununla razılaşaq. Bizdə onsuz da telekanallar savadlı ifaçılara qapısını açır. Bəli, kim istəməz çıxışına görə qonorar alsın, amma yenə də bu mümkün deyil. Pul qazanmaq üçün ifaçının sosial şəbəkəsi var. Get, ordan qazan, televiziya ilə nə işin var? Çox sağ ol de ki səni dəvət edirlər. Televiziya olmasa biz kimik? Mən bütün televiziyalara daim mənə dəstək olduqları üçün təşəkkürümü bildirirəm. Bundan sonra çağırmasalar da olar, mən heç vaxt incimərəm. Amma televiziya olmasaydı, mən Rəvan Qarayev tanınmazdım. Televiziya da olmasa biz sənətçilər nə edərik? Konsertdən yaxşı pul qazanan ifaçı bizim şou-biznesdə demək olar ki, yoxdur. Amma sosial şəbəkədən tanınıb yaxşı pul qazanan ifaçılarımız var. Məsələn, Talıb Tale. Biz onunla çox yaxınıq. Zamanında dörd il bir evdə kirayədə yaşamışıq. Mən toya hazırlaşanda o kompüterin qarşısında mahnı bəstələyirdi. Deyirdim gəl, səni toya yönəldim, toy mahnılarını öyrədim get, pulunu qazan, istəmirdi. Deyirdi ki, vaxt gələcək “Youtube”dan mən çoxlu pul qazanacam. Və elə də oldu. Mən Talıba gülürdüm, amma o indi bəlkə məndən də çox pul qazanır. O, gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsini indi görür. Bizim şou-biznesdə müğənnilər bir neçə kateqoriyaya bölünür. Toy ifaçısı, yarım saatlıq məclis müğənnilər və konsert sənətçiləri. Yarım saatlıq müğənnilər toy oxuya bilmir. Toy səhnəsi görməyən ifaçı peşəkar ola bilməz. Çünki toy bir məktəbdir. Düzdür, təhsil çox önəmlidir. Gərək konservatoriya bitirəsən. Amma toy bir ifaçının peşəkarlığı üçün çox önəmlidir. 

- Deyirsiniz, təhsil önəmlidir. Bəs, niyə musiqi təhsili almamısınız? 

- Düzdür, təhsilim tamamilə başqa yöndədir. Musiqi təhsili almaq istəyəndə artıq gec idi. Yaşım çox olduğuna görə getmədim. Amma az da olsa hər şeydən anlayışım var. Çünki atam Elşad Qarayevin özü böyük bir məktəbdir. Mənə musiqinin hər bir detalını öyrədib. Ən azından not və muğamı bilirəm. Yüzündən az bilirəmsə, beş yüzündən çox bilirəm. Apardığım heç bir toydan heç kim narazı getməyib. Gələn bütün ifaçılara hörmət etmişəm, gözlətməmişəm. Amma bir neçə ifaçı var ki, çox tərbiyəsizdirlər. Gəlir toya, mikrafonu əlinə alır, özünü göstərməyə çalışır. Sən özünü niyə mənə sübüt edirsən? Mən bilirəm sən kimsən və nəyə qadırsən.  



- İki qızınız var. Yəqin, Rusiyada olanda ən çox onlar üçün darıxırdınız? 

- Bəli, çox darıxırdım, amma tez-tez telefonla əlaqə saxlayırdım. Onları çox istəyirəm. İki qızımdan başqa kimim var bu həyatda? 

- Onların qarşısına sizin kimi birinin çıxmasını istəyərdiniz? 

- Xeyr. 

- Səbəb? 

- Səbəbsiz, xeyr istəməzdim.   

- Üçüncü dəfə ailə həyatı qurmağı düşünürsünüz? 

- Hələ ki, bu barədə fikirləşmirəm. Amma heç vaxt da heç vaxt demirəm. Nə qədər olar paltar ütülə, ayaqqabı təmizlə, qab yu. Yaşlanandan sonra mənə də bir adam lazımdır. 

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov