“ASAN xidmət”in fəaliyyəti Astana jurnalında
    • 16-05-2021, 15:52
    • 395

“ASAN xidmət”in fəaliyyəti Astana jurnalında

Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin “Dövlət Xidmətlərində İslahatlar və Təcrübələr” beynəlxalq jurnalında “Səmərəli dövlət xidmətlərinin göstərilməsi: Azərbaycan nümunəsi” adlı məqalə dərc olunub. Məqalədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan qurumların fəaliyyəti və uğurları, o cümlədən “ASAN xidmət” mərkəzləri, Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi, “ABAD” publik hüquqi şəxsin layihələri və nailiyyətlərindən bəhs edilir.

News24.az xəbər verir ki, yazıda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativ və keyfiyyətli formada xidmət göstərildiyi, Dövlət Agentliyinin ölkədə dövlət xidmətləri sahəsində şəffaflığın təmin olunmasında mühüm rol oynadığı qeyd edilir. Vətəndaş xidmətləri sahəsində tətbiq etdiyi sosial innovasiyalara görə "ASAN xidmət"in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə dövlət xidmətlərində rəqəmsallaşmanın tətbiqi üzrə BMT-nin xüsusi mükafatına layiq görüldüyü vurğulanır. 

Məqalədə Elektron Hökumətin İnkişafı Mərkəzinin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilib. Bundan başqa, ölkəmizin sosial-iqtisadi tərəqqisinə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması vasitəsilə dəstək verən “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də geniş yer ayrılıb.

“Dövlət Xidmətlərində İslahatlar və Təcrübələr” jurnalı Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin dövlət xidmətləri, bu sahədə islahatlar nəzəriyyəsi və təcrübəsi ilə bağlı akademik fikir mübadiləsi məqsədi ilə iki ildə bir dəfə nəşr etdirdiyi jurnalıdır. Jurnal adıçəkilən Mərkəzin 42 iştirakçı ölkəsində və tərəfdaşlıq etdiyi 70-dən çox beynəlxalq təşkilat, qeyri-hökümət təşkilatları və akademik qurumlarda yayımlanır. 

Qeyd edək ki, bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzi çərçivəsində yayımlanan sayca üçüncü yazıdır. 

Məqalənin tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.astanahubjournal.org/index.php/ijcsrp/article/view/153