“Xarı bülbül” festivalı dünyaya bir mesaj idi - TOFİQ CAHANGİROV
    • 17-05-2021, 12:36
    • 660

“Xarı bülbül” festivalı dünyaya bir mesaj idi - TOFİQ CAHANGİROV

"Şuşada 32 ildən sonra yenidən "Xarı bülbül" festivalının keçirilməsi çox qürurverici idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mənəvi dəyəri, simvolik mənası ilə yanaşı, həm də böyük siyasi əhəmiyyəti var idi".

Bunu News24.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib.

Onun sözlərinə görə, "Xarı bülbül" festivalı Şuşanın mədəniyyət paytaxtına çevrilməsi istiqamətində atılan ilk və çox mühüm addımlardan biri idi: "Uzun fasilədən sonra qədim Şuşamızda Azərbaycanın milli musiqisinin ecazkar sədaları eşidildi. Eyni zamanda bu tədbirdə Azərbaycanda yaşayan bütün xalqların folklor kollektivlərinin musiqiləri, rəqsləri təqdim olundu. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan tarix boyu öz ərazisində yaşayan bütün xalqların musiqisinə, mədəniyyətinə, dini inancına, adət və ənənələrinə hörmətlə yanaşıb."Xarı bülbül" festivalında  bu həqiqət bir daha bütün dünyaya nümayiş etdirildi. Bütün dünya Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sahib bir xalq olduğunu gördü".

Tofiq Cahangirovun sözlərinə görə, bədxah ermənilər illərlə Azərbaycana qarşı kampaniya apararaq, guya bizimlə digər xalqların birgə yaşayışının mümkün olmadığı barədə rəy formalaşdırmağa çalışıblar: "Ancaq Şüşada Qazançı kilsəsinin təmiri də, "Xarı bülbül" festivalında nümayiş etdirilən multikultural həmrəylik də ermənilərin bu təbliğatına böyük zərbə oldu. Festivalda həm dünyaya, həm də ermənilərə mesaj verildi ki, Azərbaycan öz ərazisində yaşayan xalqların hüquqlarına, mədəniyyətinə, dininə heç bir fərq qoymur, nəinki onların hamısına hörmətlə yanaşır, eyni zamanda həmin xalqların inkişafı üçün əlindən gələni əsirgəmir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır, onlar vahid Azərbaycan dövləti çərçivəsində yaxşı yaşaya, səfalətdən canlarını qurtara bilərlər."Xarı bülbül" festivalında dünyaya ünvanlanan əsas mesajlardan biri də elə məhz bu idi".


YAP İdarə Heyətinin üzvü onu da bildirib ki, "Xarı bülbül" festivalı eyni zamanda Prezident İlham Əliyevin "Əziz Şuşa, biz səni dirçəldəcəyik" vədinin yerinə yetirilməsi aspektindən qiymətləndirilməlidir: "Prezidentimiz İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva torpaqlarımız azad ediləndən sonra Şuşaya 3 dəfə səfər ediblər. Bu, onların Şuşanın, bütövlükdə Qarabağ və ətraf rayonların dirçəldilməsinə, orada abadlıq-quruculuq işlərinin sürətlə və keyfiyyətlə aparılmasına çox həssas və diqqətlə yanaşmalarının, bu məsələlərə həddindən artıq önəm vermələrinin göstəricisidir. Şuşa işğaldan azad ediləndən sonra orada çox böyük işlər görülüb. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin  fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün orada “Şuşa” yarımstansiyası tikilib,  “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Qədim Şuşada modern memarlıq nümunəsi olacaq yeni məscidin təməli qoyulub. Yuxarı Gövhərağa məscidi bərpa edilib, şəhərdəki digər məscidlərin bərpası üçün göstəriş verilib. Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binanın bərpası, xan qızı Natəvanın sarayı, “Xan qızı” bulağı, Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina, Rəsm Qalereyasının bərpası kimi işlərə başlanılıb. Eyni zamanda Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub. Bütün bu sadaladıqlarımız görülən işlərin yalnız bir qismidir. Dövlət başçısının şəxsən nəzarət etdiyi quruculuq işləri günü-gündən daha da genişlənir. Bütün bunlar işğaldan azad edilən rayonlarımızda, o cümlədən Qarabağın döyünən ürəyi olan Şuşada dirçəlişə, həyatın, yaşayış şərtlərinin bərpasına və qaçqın və məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtmasına hesablanıb ki, o gün uzaqda deyil".