Beynəlxalq Balet Festivalının AÇILIŞI BAŞ TUTDU - FOTOLAR
    • 17-05-2021, 15:37
    • 634

Beynəlxalq Balet Festivalının AÇILIŞI BAŞ TUTDU - FOTOLAR

Mayın 13-14-də Kazan şəhərinin Musa Cəlil adına Tatarstan Dövlət Opera Teatrında dünyada nüfuzlu balet lahiyələrindən sayılan Rudolf Nureyev adına XXXIV Beynəlxalq Balet Festivalının açılışı baş tutub.

News24.az
xəbər verir ki, festival Mariinski Teatrının Primorski filialının balet truppasının ifasında Rusiyanın əməkdar incəsənət xadimi Eldar Əliyevin quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" əsəri ilə açılmışdır. Baletin iki günlük təqdimatında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında Kazan Opera Teatrının simfonik orkestri və xoru da iştirak etmişdir. Azərbaycan milli zərb alətləri və tar (Ramin Əzimov və Nadejda Medvedevanın ifasında) orkestrdə yer almışdır. Vokal partiyasını isə Mariinski Teatrının solisti, soprano Anastasiya Kikot ifa etmişdir. Tatarstan Respublikasının Prezidentinin bilavasitə dəstəyi ilə keçirilən Rudolf Nureyev festivalında dünya klassik baletinin ən məşhur nümunələri təqdim olunacaqdır. Bunların sırasında P.Çaykovskinin "Yatmış gözəl" (18-19 may), "Sonalar gölü" (20 may), "Qızıl orda" (22 may), Minkusun "Korsar" (24 may) və "Bayaderka" baletlerinə göstərilən marağa baxmayaraq Fikrət Əmirovun "1001 gecə" əsəri yerli dinləyicilərinin xüsusi marağına səbəb olmuşdur - baletin hər iki tamaşası tam anşlaqla keçmişdir, hətta dinləyicilərin xüsusi marağını nəzərə alaraq teatr zalına əlavə oturacaqlar istifadəyə verilmişdir. Hər tamaşanın sonunda tamaşaçılar ifaçıları ayaqüstə alqışlarla qarşılamışdır. "1001 gecə" baletində əsas rolları Sergey Umanets və Kanat Nadırbek (Şəhriyar), Anna Samostrelova və İrina Sapojnikova (Şəhrizad), Liliya Berejnova və Katerina Floriya (Nuridə) və Mariinski Teatrının Primorski Filialının aparıcı solistləri ifa etmişdir. Azərbaycan Dövlət Opera Teatrının baş dirijoru Əyyub Quliyev ilə Kazan Dövlət Opera Teatrının direktoru Rufal Muxamedzyanov arasında keçirilən görüşdə Azərbaycan baletinin ən parlaq nümunələrindən olan "1001 gecə"nin iki teatrlar arasında əlaqələrin inkişafında xüsusi yer alacağı qeyd edilmişdir. Mariinski Teatr kimi nüfüzlu sənət ocağının bu lahiyədə iştirakı isə əsərin ifa tarixində əlamətdar iz qoymuşdur.

Qeyd etmək lazımdır ki, Nureyev Beynəlxalq Balet Festivalı Tatarıstan paytaxtında iyunun 2-dək dəvam edəcəkdir.