Nazirdən maraqlı açıqlama: “İşləyənlərin çoxunun bacarığı yoxdur”
    • 31-10-2018, 15:15
    • 1 034

Nazirdən maraqlı açıqlama: “İşləyənlərin çoxunun bacarığı yoxdur”

"Məşğulluq bazarında fəaliyyət göstərən kifayət qədər ixtisassız işçi qüvvəsinə malikik. Lakin bu o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur. Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, həmin şəxslərin rəsmi təsdiq sənədi yoxdur. Ona görə də qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir.

S.Babayev qeyd edib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəsini və ya ali təhsil müəssisəsini bitirməyib, lakin istehsal prosesində böyük bacarıqlara malikdir:

 "Ona görə də çərçivəni tam şəkildə müəyyən etdikdən sonra peşə standartlarını hazırlamalıyıq. Əvvəllər hazırlanmış və köhnəlmiş 270 peşə standartı müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Ölkədə 8 pilləli təhsil modelinə keçildiyindən bu standartlar yenilənməlidir".

Nazir əlavə edib ki, dünyada 6 min peşə var və Azərbaycan bazarının ən azı 95 faizini əhatə edən 1000 peşə üzrə standartlar hazırlanaraq yekunlaşdırılmalıdır:

"Mexanizmi müəyyənləşdirməliyik ki, nə şəkildə insanların qeyri-formal və informativ bacarıqlarının tanıyacağıq, onların sertifikatlaşmasını həyata keçirəcəyik.

Bu mexanizm Azərbaycanın əmək bazarına töhfə verəcək. Bu, insanların şirkətlərdə işini rahatlaşdıracaq və böyük ixtisaslı işçi qüvvəsinə çıxış imkanı yaradacaq".

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarla və Təhsil Nazirliyi ilə birgə aktiv əməkdaşlıq aparılır: "Qısa müddətdə sənədlərin hazırlanmasını təmin edə bilərik.

Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında tam təmsil olunmur. Çünki əmək bazarının əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır".