Elnur Həsənov qışın dəb trendlərini açıqladı - VİDEO
    • 31-10-2018, 20:00
    • 3 022

Elnur Həsənov qışın dəb trendlərini açıqladı - VİDEO

Tanınmış stilist Elnur Həsənov qarşıdakı payız və qış aylarında dəbdə olan makiyajdan və saç stillərindən danışıb: 

– Qarşıdakı aylarda makiyajlarda hansı çalarlardan istifadə ediləcək?
– Neytral olaraq qara göz qələmləri dəbdə olacaq. Bordo tonlar, dodaq parıldadıcıları dəbdə olacaq. 2016-2017-ci illərdə mat dodaq boyaları dəbdə idisə, artıq bunu parıltılı dodaqlar əvəz edəcək. Üz makyajında isə daha freş və natural rənglərə üstünlük veriləcək.
Simli və zərli göz makiyajları hələ də aktuallığını saxlayır. 2019-da belə göz makiyajları da öz aktuallığını itirəcək.

– Üzərində olan geyimin rənginə uyğun makiyaj etmək nə dərəcədə doğrudur?
– Artıq eyni rəngli makiyajlardan istifadə etmək dəbdən düşüb. Neytral göz kölgələrindən istifadə etmək olar. Geyimə uyğun hansısa elementlərdən istifadə edə bilərsiniz. Bu da təbii ki, rəng sizə yaraşarsa ola bilər. Tamamilə fərqli bir rəng geyinmisinizsə, parlaq yaşıl rəngdən istifadə edə bilərsiniz. Dəb artıq o qədər qarışıq haldadır ki, əvvəllər kəmər, çanta, ayaqqabı eyni olmalı idisə, artıq belə bir şey yoxdur.

– Gəlin makiyajlarında necə, dəyişikliklər var?
– Gəlinliklərdə daha çox mat, natural və soft makiyajları sevirəm. Təbii ki, hər bir stilistin öz zövqü var, amma mən gəlinliklərdə qarışıq rəngləri sevmirəm. Gəlin sadə görünsə, daha gözəl olar. Bu, heç bir zaman da dəbdən düşməyəcək. Bu gün gəlinlər əndazədən çıxan makiyajlar edirsə, iki il sonra şəkillərinə baxıb utanacaqlar. Ona görə elə etmək lazımdır ki, utanmayasan.

– Təbii görünmək üçün hansı çalarlardan istifadə etmək lazımdır?
– Daha çox natural, bej, qəhvəyi tonlardan, çəhrayı ənliklərdən istifadə etmək lazımdır. Qadınlara məsləhətim özlərinə yaraşan makiyajı etsinlər ki, hər zaman dəbli görünsünlər. 

– Laynerlərdən istifadə azalıb. Bu, nə ilə bağlıdır?
– Layner klassikadır. Klassik geyimdən istifadə edirsənsə, layner çəkməlisən. Ondan düzgün istifadə etmək lazımdır ki, gözləri kiçik yox, böyük göstərsin. Bu il laynerlər dəbdə olacaq.

– Makiyajdan öncə qadınlar hansı məhsullardan istifadə etməlidir?
– Əvvəllər nəmləndirici kremlərdən istifadə edirdiksə, indi dəri fakturasına görə, başqa məhsullar işlədilir.

– Qarşıdakı qış aylarında qadınlar üzü qorumaq üçün hansı yolları seçməlidir?
– Mütləq nəmləndirici kremlər onların yanında olmalıdır. Ev şəraitində maskalar hazırlayıb, üzlərinə qulluq etməlidirlər. Şaxta olur deyə, qışda üzün çatlaması da baş verir. Gecə və gündüz kremi olmasa da olar, nəmləndirici kremin olmağı mütləqdir.

– Kişilərə üz dərisini qorumaq üçün nələri məsləhət görürsünüz?
– İndi elə dövrdə yaşayırıq ki, kişilər də dəriyə qulluq edir. Mütləq dəriyə və əllərə qulluq etmək lazımdır.

– Bu il saç kəsimlərində trendlər nələrdir?
– Bu il küt kəsimlər dəbdə olacaq. Hörüklər isə artıq aktuallığını itirib. Yüngül dalğalar dəbdən çıxacaq, daha dağınıq, düz və çirkli saçlar dəbdə olacaq.

//Oxu.az