Bakıda civəli termometrlər niyə qəhətə çıxıb?

Bakıda civəli termometrlər niyə qəhətə çıxıb? Sosial
Paytaxtda fəaliyyət göstərən çox sayda aptekdə civəli termometr tapmaq mümkün deyil. 

“Çox sayda” dedik, amma bir daha fikirlərimizə əmin olmaq, faktı təsdiqləmək üçün News24.az olaraq həm onlayn, həm də əyani “monitorinq” keçirdik. 

Aldığımız cavablar bir-birindən çox da fərqlənmədi: “Qalmayıb, depoda yoxdu, gəlib-gəlməyəcəyini bilmirik”. 
Düzdür, onu əvəzləyən elektron termometrlər təklif olunur. Amma məsələ bundadır ki, bu termometrlər əksər halda yanlış məlumat verir. Necə deyərlər,  “tutdu qatıq, tutmadı ayran” prinsipi ilə çalışır. Yəni  göstəriciləri qeyri-dəqiqdir.
Bu səbəbdən də özündə qızdırma hiss edən şəxsə yaxınlarının əlini alnına söykəyib hərarət dərəcəsini təxmin etməkdən başqa yol qalmır.
Görünür, kimlərsə Azərbaycanda civə termometrinə ehtiyac olmadığını zənn edir və onun ölkəyə gətirilməsini zəruri saymırlar.

Bəs, məsələ ilə bağlı Səhiyyə Nazirliyi nə düşünür?
Pandemiyanın tüğyan elədiyi və termometrə az qala hər ailədə ehtiyac duyulduğu vaxtda nazirlik onun qıtlığından xəbərdardırmı?
Qurumun mətbuat xidmətindən bildirildi ki, apteklərin təminatına Səhiyyə Nazirliyi baxmır. Nazirlik sadəcə, keyfiyyəti yoxlaya bilər. Yəni buna özəl dərman şirkətləri cavabdehdir. 

Nazirlik təmsilçinin sözündən sonra özəl aptek şirkətlərinin əlaqə nömrəsini yığdıq. Avto-cavabda yazılan səs bizi operatorlara yönəldəcəyini vəd etsə də, dəstəyi qaldıran olmadı.

Axtarışlarımıza rəğmən, apteklərdə “filan səbəbdən civə termometri tapılmır və ya gətirilmir” kimi açıqlama eşidə biləcəyimiz səlahiyyətli şəxs ortaya çıxmadı. 

Tibb eksperti Adil Qeybullaya
görə, bu problemin səbəbi Azərbaycana dərman və ya tibbi avadanlıq gətirilməsinin bir neçə şirkətin monopoliyasında olmasıdır: “Onlar bu məsələyə cavabdehdir. Açıqlama verməlidilər ki, niyə davamlı təchizat yoxdur. Pandemiya ilə əlaqədar civəli termometrlərə tələbat çoxdur. Bu, obyektiv səbəbdir. Ancaq civəli termometr qızdırmanı dəqiq göstərdiyi üçün həmin şirkətlər məsələni diqqətdə saxlayıb, praktiki addımlar atmalıdır”.

Məhərrəm ƏLİYEV