“Yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik“ - TƏBİB rəsmisi
    • 23-05-2021, 19:02
    • 452

“Yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik“ - TƏBİB rəsmisi

“Biz əvvəllər də demişdik, pandemiyanın bitməsi üçün əhalinin təqribən 2/3 hissəsinin immunitet qazanması lazımdır. Bu təqribən 70-75 faiz edir. Onda pandemiya təhlükəsi sovuşa bilər“. 

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Real TV-yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib. 

A.Qurbanov bildirib ki, hazırda bütün vaksinasiya olunanların sayı 1.7 milyondan çoxdur:

“Bu, təqribən 20-25 faiz əhali deməkdir. Hesab etsək ki, bir o qədər insanlar da xəstəliyi keçirib sağalaraq immunitet qazanıb. Onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu bir hissəsi artıq immunitet qazanıb. Biz əgər rəsmi rəqəmlərə baxsaq, xəstəliyi keçirənlərin sayının bir qədər az olmasını görərik. Amma həm də onu da qəbul etmək lazımdır ki, xəstəliyi həqiqətən keçirib sağalanların sayı rəsmi statistikadan yüksəkdir.  Çünki rəsmi statistikaya düşməyən xəstələnib sağalanlar da var. Bu yəqin ki, böyük bir rəqəmdir. Yaxın müddətdə bizim əhali qrupumuzdan immunitet qazanmışların sayı biz dediyimiz rəqəm qədər olacaq və ona yaxınlaşacaq. Buna görə də yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik“. 

Qeyd edək ki, hazırda ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 134 376 , ikinci mərhələ üzrə isə 852 593 nəfər təşkil edir.