Nizami Gəncəviyə həsr olunan onlayn esse müsabiqəsinə yekun vuruldu
    • 1-06-2021, 09:52
    • 294

Nizami Gəncəviyə həsr olunan onlayn esse müsabiqəsinə yekun vuruldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən aprelin 20-dən mayın 31-dək “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən onlayn esse müsabiqəsinin qalibləri məlum olub. Gənclər və İdman Nazirliyində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamının və 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilən onlayn esse müsabiqəsi gənclərin böyük marağına səbəb olub. Təqdim edilən çoxsaylı esselərdə də bu maraq özünü təsdiqləyib.

Müsabiqənin əsas məqsədlərindən biri Nizami Gəncəvi yaradıcılığının gənclər arasında geniş təbliğ edilməsi, vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı və yaradıcı gənclərin stimullaşdırılması idi.

Azərbaycan Yazıçılar Birliyinin təqdimatı əsasında yaradılmış Münsiflər Heyətinin üzvləri - İlqar Fəhmi, Tərlan Quliyev və Arif Buzovnalı tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qeydiyyatdan keçmiş 101 nəfər gəncin hazırladığı esselər ötən dövr ərzində qiymətləndirilib, müsabiqənin qalibləri və fərqlənənlər müəyyən edilib. İlk onluğa layiq görülənlər arasından I, II və III yerlərin qalibləri və 7 nəfər fərqlənənlər seçilib.

Mükafatlandırma mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev giriş sözü ilə çıxış edərək layihənin məqsədi və əhəmiyyatı barədə məlumat verib, Nizami Gəncəvi yaradıcılığına müraciət edən gənclərin hər birinə fəal iştiraklarına görə təşəkürünü bildirib, qalibləri isə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Münsiflər Heyəti adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirib.

Daha sonra müsabiqədə I yerin qalibi Günel Əhmədova, II yerin qalibi Mərdan Həsənov və III yerin qalibi Şahin Yusifli diplom və pul mükafatı ilə, fərqlənənlər - Seyfullayeva Vüsalə Mahmud qızı, Hüseynova Şəbnəm Azad qızı, Quliyeva Ləman Emin qızı, Quliyev Nurlan Eldəniz oğlu, Hüseynova Firuzə Aşur qızı, Salahova Sona Vaqif qızı və Zamanlı Etibar Elman oğlu fəxri fərman və hədiyyələrlə  mükafatlandırılıblar.