Şəhid jurnalist Məhərrəm İbrahimov dəfn olundu- YENİLƏNDİ- FOTO/VİDEO
    • 5-06-2021, 20:32
    • 836

Şəhid jurnalist Məhərrəm İbrahimov dəfn olundu- YENİLƏNDİ- FOTO/VİDEO

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.

News24.az xəbər verir ki, şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

***
11.20
Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan Azərtac Xəbər Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun bu gün dəfn mərasimi baş tutacaq.

News24.az xəbər verir ki, şəhid jurnalistin vida mərasimi yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 10 ünvanındakı evində keçirilir.

Mərasimə şəhidin yaxınları, dostları, iş yoldaşları və bir sıra tanınmış şəxslər qatılıb.

Jurnalist Əsgər İbrahimov şəhid qardaşı ilə 10 gün əvvəl görüşdüyünü deyib: “3-4 günlük məzuniyyətə gəlmişdi. İşlərim var idi, köməyə çağırdım. Ancaq xahiş etdi ki, uşaqlarını gəzdirsin. Tez gedəcəyi üçün ailə üzvləri ilə vaxt keçirmək istədi. Bu, onun alın yazısıdır. Şərəfli peşəsini yerinə yetirərkən şəhid oldu. Həmçinin, erməni terrorunun güdazına getdi. Bu hadisə təkcə Azərbaycan mətbuatında deyil, həmçinin, dünya mətbuatında Azərbaycanı gündəmə gətirib. İnşallah erməni vandallarının dərsini verərik”. 

“Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı məsələyə belə münasibət bildirib: “Bir jurnalist, operator və mülki insanlar dünyasını dəyişib. Ancaq beynəlxalq təşkilatlar bu məsələyə susub. Mən əminəm ki, belə bir hadisə Ermənistanda baş versəydi, bütün beynəlxalq təşkilatlar bəyanatları ard-arda düzərdi. Medianı izləyirəm. Hələ ki, bizim jurnalistlərlə bağlı ciddi mövqe bildirən hər hansı bir beynəlxalq təşkilatın bəyanatına rast gəlmədim. Buna şübhə etmirəm ki, həmin o minalar əraziyə yeni düzülüb. Hüquq mühafizə və aidiyyəti icra orqanlarımız yoxlamadan jurnalistləri həmin əraziyə buraxmaz. Bu da o deməkdir ki, orada erməni terrorçuları var. Azərbaycan dövləti təcili şəkildə həmin bölgədə antiterror əməliyyatı aparmalıdır. Bu, olmadığı təqdirdə faciələrimiz davamlı ola bilər”. 

Tanınmış jurnalist Nəsimi Paşayev həmin ərazilərdə riskin böyük olduğunu vurğulayıb: “Bizim jurnalistlər oraya gəzməyə yox, peşə fəaliyyətlərini yerinə yetirməyə getmişdilər. Hətta şayiələr də gəzir ki, erməni diversantlar müxtəlif vaxtlarda ərazilərimizə daxil olaraq, orada minalar basdırmağa cəhd edirlər. Bəlkə də buna nail olurlar. Biz Kəlbəcərdə olarkən, iki avtomobilimiz minaya düşmüşdü. Baxmayaraq ki, ora işlək yol idi və ağır traktorlar hərəkət edirdi. Yenə də həmin ərazilərə gedən vətəndaşlarımızdan, jurnalistlərimizdən xahiş edirik ki, işğaldan azad edilən ərazilərə zəruri səfərlər edərkən diqqətli olsunlar”.

Şəhidimizin iş yoldaşı Elvin Mövsümov həmkarı haqqında bunları deyib: “Vətən müharibəsinin zamanı  AZƏRTAC-ın 4 çəkiliş qrupunun tərkibində demək olar ki, ən qaynar nöqtələrinə Məhərrəm cəlb olundu. 7 aydan çoxdur ki, işğaldan azad edilən ərazilərimizdə, istidə, dağlıq ərazilərdə, çətin şəraitdə öz işini vicdanla və şərəflə yerinə yetirdi”. Müharibədən sonra da həmin dağıntıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün faktları toplayan qrupun tərkibinə daxil oldu”. 

AZƏRTAC-ın operatoru Şakir Qurbanov Məhərrəm İbrahimovun çox cəsur, mərd və vətənini sevən biri olduğunu deyib: “Öz işini, peşəsini sevən insan idi. Onun ölümü hər birimizə çox pis təsir etdi. Vətən müharibəsinin ilk şəhid jurnlaisti oldu, adını tarixə yazdırdı. Amma belə olmalı deyildi. Dünya mətbuatı və beynəlxalq təşkilatlar susur, ikili standartalar yenə də öz işini davam etdirir. Allah rəhmət eləsin”.  

Məhərrəm İbrahimovun digər həmkarı jurnalist Xanım İbrahimova şəhidimizin insani keyfiyyətlərinin yüksək olduğunu bildirdi: “Onunla sərhəd bölgələrində çəkilişlərdə olmuşuq. Çox yaxşı yoldaş idi. İki övladı bizə əmanət qaldı. İnşallah bundan sonra biz onun övladlarına yaxşı baxmalıyıq. Məhərrəm elə bir insan idi ki, haqqında kimsə pis söz deyə bilməzdi. Həm insanlıq, həm də iş baxımından”.