"Kitab oğurlayanların xərclərini ödəməyə hazıram" - Aydın Mirzəzadə
    • 8-06-2021, 16:17
    • 599

"Kitab oğurlayanların xərclərini ödəməyə hazıram" - Aydın Mirzəzadə

"İki nəfər gəncin kitab mağazasından iki kitab oğurlaması və onların tutulması xəbəri məni də çox narahat etdi. Birincisi qeyd edim ki, istənilən oğurluğun əleyhinəyəm. "Kitab oğurluğu oğurluq deyil" fikri kökündən səhvdir və kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur". 

News24.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, məsələyə bir qədər fərqli baxmaq lazımdır: "Satış yerlərində kiçik oğurluq edənlər tutulanda, mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə internet resurslarında çoxsaylı filmlər vardır. Bu kitab mağazasının sahibi də onları taparaq, həmin kitabları bağışlaya və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı. Ən əsası həmin gənclər bir kitaba sığmayan həyat dərsi almış olardılar. Həmin gənclərin xərclərini ödəməyə hazıram. Eyni zamanda, əgər istəsələr, onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa, həmin kitab mağazasından almağa söz verirəm. İstəsələr, yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik".