Ramiz Əzizbəyli dəfn olundu - VİDEO - FOTO
    • 10-06-2021, 13:14
    • 546

Ramiz Əzizbəyli dəfn olundu - VİDEO - FOTO

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

News24.az xəbər verir ki, aktyor “Qurd qəbiristanlığı”nda  dəfn olunub. Dəfndə mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli koronavirusdan vəfat edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Ramiz Əzizbəylinin dəfn mərasimi üçün əklil göndərib. Əklil R.Əzizbəylinin məzarı önünə qoyulub.

Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atası haqqında danışarkən bu fikirləri deyib: “Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı. Ayağının sağalmağını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Ayağı sağaldı, amma koronavirus ona aman vermədi.  Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə  mayın 28-də görmüşəm. İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq". 

Qeyd edək ki, Xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.

MÜXBİR: Sevda Bayramova
FOTO: Hüseyn Həsənov