Çəlik, top və qürur -  Qazilərimiz futbol meydanında - FOTO - VİDEOREPORTAJ
    • 11-06-2021, 16:03
    • 871

Çəlik, top və qürur - Qazilərimiz futbol meydanında - FOTO - VİDEOREPORTAJ

Yalan deməyəcəm, futbola bir o qədər marağım yoxdur. Əgər bir gün desəydilər ki, bu haqda süjet hazırlayıb yazı yazacaqsan, nədən başlayacağımı bilməzdim. Ta ki, bir neçə gün öncəyə qədər... 

Sosial şəbəkədə bir paylaşım diqqətimi çəkdi. Futbol komandasına yeni üzvlər axtarılırdı. Fotoda ayağı, əli amputasiya olunmuş oyunçular yer almışdı. Maraqlandım, aydın oldu ki, bu, “Qarabağ Amputee” Futbol Klubudur. Biləndə ki, bu klub üzvlərinin çoxu Birinci Qarabağ Müharibəsi qaziləridir, o dəqiqə əlaqə saxlayıb çəkiliş üçün gün aldım. 

Beləcə, komandanın məşq etdiyi Masazır qəsəbəsindəki stadiona yollandım. Dedilər, indi məşq başlayacaq. Hələ də beynimdə bu məqamların necə olacağını canlandıra bilmirdim. Ayağı amputasiya olunanlar çəliklə top arxasınca qaçacaqdı... 
                       
Bu zaman öyrəndim ki, klub üzvü Çingiz Məmmədov uşaqlıqdan futbolla məşğul olub. 1994-cü ilin yanvarında Füzulinin Əhmədalılar kəndi ətrafında minaya düşərək sağ ayağının yarısını itirib. Deyir, sağlam adam bir anda əlil olanda depressiyaya düşür, dünyadan küsür, evdən çıxmaq istəmir. Qeyd edir ki, indi Böyük Vətən Müharibəsi qazilərinin bəlkə də bir çoxu elə buna görə kluba qoşulmur: “Amma həyat davam edir. Əlilliyimiz Vətən uğrunda olub və bu, qürurumuzdur. Bu klubda isə özünü yenidən kəşf edirsən, həyata qayıdırsan. Ən önəmlisi Azərbaycanı beyəlxalq arenada yenidən təmsil etmək imkanın yaranır”.
“Qarabağ Amputee” Futbol klubun digər üzvü Kənan Pirizadədir. O, həm də Milli Amputee komandasının üzvüdür. Digərlərindən fərqli olaraq, Kənan bir ayağını qəzada itirib: “Gündəlik həyatda əsalarla hərəkət etmək çətindir. Əsalarla futbol oynamaq isə təbii ki, daha çətin və davamlı məşqlərdən sonra mümkün olur. Yalnız bundan sonra gözəl nəticələr əldə edə bilirik”. 

Klubun məşqçisi Ramil Həbibov ilk vaxtlar məşqlərlə bağlı çətinlik çəkəcəyini düşünsə də, bunun əksi ilə qarşılaşıb: “Gördüm ki, motivasiyaları çox yüksəkdir. Deyilən hər şeyin ən yaxşısını eləməyə çalışırlar. Belə əzmli komanda ilə işləmək çox xoşdur”. 

Məşqçi 2020-ci ildə Polşanın Varşava şəhərində Avropa Kubokuna qatıldıqlarını və 2-ci yerə qərarlaşdıqlarını vurğuladı. Ötən həftə isə komanda Türkiyənin Qaziantep şəhərində keçirilən Çempionlar Liqasında 4-cü yerə çıxıblar. 

Birinci Qarabağ Müharibəsi qazisi Əkrəm Teymurov da bu klubun üzvüdür. O da Sədərək istiqamətində gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib. Deyir ki, bundan əvvəl oturaq volleybolla məşğul olub. Bu klub haqda öyrənəndə isə əvvəlcə maraqlı olduğu üçün izləyib, sonra isə oyunçu kimi özünü sınayıb. Futbolçu deyir ki, bu onda heç də pis alınmır. Axı, Gürcüstan komandası ilə qarşılaşmada yeganə qolu da məhz o vurub. 


Komandanın hər bir üzvü həm Böyük Vətən Müharibəsi qazilərinə həm də müxtəlif səbəblərdən əlil olan şəxslərə səslənərək, onları “Qarabağ Amputee” Futbol Klubuna dəvət ediblər. 

Onu da deyək ki, futbolçularımız bu sahədə uğur qazanmaq üçün intensiv, yorulmadan məşğul olurlar. Onları önümüzdəki sentyabr ayında Mili komandalar arasında Avropa Çempionatı gözləyir. 

Onlarla söhbətdən bir qənaət hasil etdik: əlillik uğur qazanmağa əngəl deyil.  

Teymur Məmmədov
Video: Hüseyn Həsənov, Fərid Şabanov
Montaj: Hüseyn Həsənov

Foto: Teymur Məmmədov