Emil Şahin “Bir sevgi hekayəsi” ilə qayıdır
    • 12-06-2021, 14:25
    • 580

Emil Şahin “Bir sevgi hekayəsi” ilə qayıdır

Azərbaycanlı bəstəkar Emil Şahin dördillik fasilədən sonra təmtəraqlı premyera ilə -  “Bir sevgi hekayəsi” operettası ilə yaradacılığa qayıdır. Trend xəbər verir ki, operetta klassik musiqi və muğamın sintezilə ərsəyə gətirilib. Librettonun müəllifi də E. Şahindir. 

E. Şahin News24.az-a deyib: “”Həyatı yaradıcılıq olmadan təsəvvür etmək mümkünsüzdür! Möhtəşəm lahiyəyə SSRİ Xalq artisti Fidan Qasımova, Azərbaycanın Xalq artistləri Xuraman Qasımova, Alim Qasımov və Elçin Əzizov, Əmkdar artist Fərqanə Qasımova kimi adlı-sanlı artistlər və digərləri dəvət ediləcək. Operetta üç aktda təqdim ediləcək. Qarşıda çox böyük iş var: repetisiyalar, dekorasiyalar, kostyumlar və s. Layihənin təqdimatı Bakıda olduqdan sonra operetta Azərbaycanın mədəni dəyərlərini bundan sonra da təbliğ etmək məqsədilə beynəxalq arenada təqdim olunacaq”. 

Bəstəkar radio hit-paradlarında “Odlar yurdu” insturmental kompozisiyasını, Xalq artistləri Eyyub Yaqubov və Brilliant Dadaşovanın ifasında mahnılar təqdim edəcək. Sözlərin müəllifi MC Muraddır. 

E. Şahin 1987-ci il mayın 19-da Bakıda anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olub. Onda musiqiyə həvəs hələ uşaqlıq vaxtı yarandığına görə, məktəbdən savayı həmin illər Səbail rayon yaradıcılıq dərnəklərinin, habelə Bülbül adına musiqi məktəbində təşkil edilmiş müxtəlif konsertlərin fəal iştirakçısı olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 

Maraqlıdır ki, o, ilk mahnısı olan “Vətən”i 11 yaşında yazıb. Bununla belə, bu əsər sonradan Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Teymur Göyçayevlə layihə çərçivəsində tamamlanıb və təqdim olunub. İfaçı isə Xalq artisti Alim Qasımov olub. 

O, bir sıra hitlərin müəllifidir, onların arasında “Xəyallar”, "Follow may way" və başqaları var. Azərbaycanın Xalq və Əməkdar artistləri onun mahnılarını səsləndiriblər. Bakıda hərbi qulluqçular üçün konsertlər, eləcə də xarici ulduzların iştirakı ilə Bakıda konsertlər təşkil edib. “Emil Şahin” prodüser mərkəzinin rəhbəridir. Musiqi sənəti sahəsində bir sıra milli mükafatların, o cümlədən  “Qrand”, “Seçilənlər”, “Nəğmə payızı”, “İlin bəstəkarı” və digərlərinin laureatıdır.