ƏN BÖYÜK günah nədir? - Video
    • 17-06-2021, 11:16
    • 1 399

ƏN BÖYÜK günah nədir? - Video

“İntihar edən şəxsin tövbə etmək şansı yoxdur. Həmin şəxs intihar etdikdə, tövbə etmək şansını əldən verir”.

Bunu News24.az-a müsahibəsində İlahiyyatçı Rövşən Xəlilov deyib.

Müsahibəni təqdim edirik:

-Cəmiyyətdə qadına şiddətin çox olmasını nə ilə əlaqələndirirsiniz? Məsələnin dini tərəfləri nədir?


-Qadına şiddətin müxtəlif səbəbləri vardır. Ortaq səbəblər isə bunlardır: boşanmalar, xəyanətlər, ayrılıqlar və ailədaxili münaqişələr. Ümimu yanaşsaq, sosial mühit, psixoloji amillər, yanlış tərbiyə və pis əxlaq şiddətə səbəb olan nüanslardır. Peyğəmbərimizin həyat və fəaliyyətinə baxanda, şiddət və zorakılığa rast gəlmək mümkün deyil. Tövsiyə olunub ki, qadınlarınızla xoş davranın. Hətta belə bir hədis var ki, “qadınlarla ən mülayim davranan mənəm”. Eyni zamanda, Qurani-Kərimdə tövsiyə olunur ki, qadınlardan ayrılanda da bunu xoşluqla edin, onların mehriyyələrini verin. Həmçinin qeyd olunur ki, ən son çarə kimi ayrılığa üz tutun. Ümumiyyətlə, İslam dini hər hansı bir şiddəti qadağan edir. Peyğəmbərimiz buyurur ki, rəhm etməyənə Allah da rəhm etməz. Mərhəmət hissi olmalıdır. 


-Necə edək ki, cəmiyyətdə qadınlara qarşı şiddət azalsın?

-İlk növbədə maariflənmə işləri aparılmalıdır. İntellekti, savadı üstün olan insan heç zaman şiddətə əl atmaz. Şiddət çarəsizliyin, ümidsizliyin, zəifliyin əlamətidir. Buna görə də insan çalışmalıdır ki, özünü zehni tərəfdən inkişaf etdirsin. Allaha inanan insan heç vaxt şiddəti üstün tutmaz.

-İntihar edənlərin axirəti necə olacaq? Ümumiyyətlə, İslam dinində intihar necə qiymətləndirilir?

-İntihara sövq edən səbəblərə nümunə kimi, ümidsizlik, özünəqapanma, depressiv hallar, sıxıntılar və çətinlikləri göstərə bilərik. İntihar edən şəxslərin yaşam tərzini, həyat və fəaliyyətini təhlil etsək, görəcəyik ki, Allaha etiqadı çox olan, inanan insan intihar etmir. Ümumiyyətlə, qeyd etdiyimiz şəxslər intihara cəhd belə etmir. Qurana görə, həyat verən Allah olduğu üçün insanın taleyi ilə bağlı qərarı verən də yalnız odur. Maidə surəsində qeyd olunur ki, bir insana həyat bəxş etmək bütün bəşəriyyətə həyat bəxş etmək kimi ali dərəcə hesab olunur. Həmçinin, bir insanı qətlə yetirmək bütün bəşəriyyəti öldürmək kimi böyük bir günahdır. Quranı-Kərimdə buyurulur ki, özünüzü öldürməyin. Peyğəmbərimiz səhabələr arasında olarkən deyir ki, sizə ən böyük günahın nə olduğunu deyimmi? Səhabələr də böyük maraqla onun bəyan etməyini gözləyirlər. Peyğəmbərimiz deyir ki, ilk günah Allaha şərik qoşmaq, ikinci valideynə dönük çıxmaq, üçüncü böyük günah isə özünü intiahar etməkdir. İnsan hər hansı böyük bir günah etsə, onun tövbə etmək şansı var. Onun cəhənnəmə getməsi bizim üçün müəmmalıdır. Ancaq intihar edən şəxsin tövbə etmək şansı yoxdur. Həmin şəxs intihar etdikdə, tövbə etmək şansını əldən verir. Ona görə də intihar edən şəxslərin cəhənnəmlik olması şəriət hökmlərində bizə buyurulur. 


-İnsan çarəsizliyə, sıxıntıya düşdükdə, öz ölümünə razılıq verə bilərmi?

-Son vaxtlar bəzi saytlarda, məqalələrdə “evtanaziya” ilə bağlı yazılara rast gəlirik. Şükürlər olsun ki, bu proses dünya səviyyəsində iki-üç dövlətdə gerçəkləşir. Xəstəliyinin çarəsi olmayan, ağrılara dözməyən insanlar könüllü olaraq öz ölümləri barəsində hökm verirlər. Həkimlər də bunu reallaşdırır. Lakin İslam dini bunu da qadağa edir.  Çünki can bir əmanətdir. O əmanətin sahibi də allahdır. Allah istədiyi vaxt da o əmanəti almalıdır. 



-Cadu, baxıcılıq kimi nüanslar Quranda qəbul olunmamasına rəğmən, insanlar yenə də, həmin yerlərə yönəlirlər. Bəzi şəxslər isə Qurana baxaraq, insanın taleyini gördüklərini iddia edirlər. Bu məsələyə münasibətiniz necədir? 

-Bu məsələ də savadsızlıqdan irəli gəlir. Elmi səviyyəsi yüksək olan cəmiyyətlərdə bu cür “inanclara” inam az olur. Əsasən, qadınlar bu məsələyə tez inanırlar. Çünki onlar daha həssas olurlar.  Quran vasitəsilə insanların taleyini gördüyünü iddia edənlər isə insanların inancından sui-istifadə edənlərdir. Quranı açıb oxuyan şəxs anlayır ki, orada insan taleyindən söz getmir. 

Müxbir: Məhərrəm Əliyev
Video: Fərid Şabanov