"İkinci şansım olsaydı, heç vaxt sənətçi olmazdım" - SAMİR CƏFƏROV
    • 23-06-2021, 11:54
    • 561

"İkinci şansım olsaydı, heç vaxt sənətçi olmazdım" - SAMİR CƏFƏROV

Xalq artisti Samir Cəfərov "MTV Azərbaycan"da yayımlanan "Üzə-düz" verilişinin qonağı olub.

News24.az
xəbər verir ki, S. Cəfərov söhbət əsnasında sənətin çətinliklərindən bəhs edib: "İkinci şansım olsaydı, heç vaxt bu sənəti seçməzdim. Çox çətin sənətdir. Paxıllıqlar və sairə. Düzdür, bu, bütün sahələrdə var, amma bizim sənətdə daha çoxdur. Üzündə gülənlər, arxanca danışanlar sənətidir bu. Bu camiədə vicdanli, şərəfli olmaq təəssüf ki, kök altındadır. Baxmayaraq ki, Xalq Artistiyəm. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm. Qəlbimi qırırlar amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə deyirlər, Rəşidin, Bülbülün davamçısı. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynov, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb".

O, həmçinin Əməkdar artist Sevda Ələkbərzadədən də danışıb: "Azərbaycanda avropalılar, dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Yoxdu. Kimsə çıxsın səhnəyə bütün dünyanı lərzəyə gətirsin, yox. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?"