“BİZ” tarixi-sənədli filminin təqdimatı keçirildi - FOTOLAR
    • 26-06-2021, 19:28
    • 889

“BİZ” tarixi-sənədli filminin təqdimatı keçirildi - FOTOLAR

İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günündə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsal etdiyi Azərbaycanın Vətən Müharibəsində Şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, qapalı baş tutan filmin premyerasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, o cümlədən, Müdafiə Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

Təqdimat mərasiminə Bakıda səfərdə olan Avropa və Rusiyanın aparıcı kino mütəxəssisləri, o cümlədən, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Məlumat üçün bildirək ki, “BİZ” filmində Vətən Müharibəsi dövründə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Həm əsgərlərimiz , həm də sadə vətəndaşların müharibə dövründə  keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.
Filmdə eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən tale yüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

“BİZ”-in ərsəyə gəlməsində filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev başda olmaqla Bakı Media Mərkəzinin yaradıcı heyətinin geniş rolu olub. Prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktoru Ayaz Mirzəyev olan, montajını Əsgər Rəhimovun həyata keçirdiyi filmin yaradıcıları hesab edirlər ki, Azərbaycan Vətən Müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının - yəni “BİZ”lərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “BİZ” deyərək ümumi qələbədə öz tarixi rolunu oynadı.