"Xalça sənəti - mənaların təkamülü" sərgisinin açılışı olacaq - FOTO
    • 29-06-2021, 11:09
    • 577

"Xalça sənəti - mənaların təkamülü" sərgisinin açılışı olacaq - FOTO

8 iyul tarixindən Tatarıstan Respublikasında "Kazan Kremli" Muzey-Qoruğunda "Xalça sənəti - mənaların təkamülü" adlı sərgi açılacaq.

News24.az
xəbər verir ki, Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim olunacaq. Kazan tamaşaçısı xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz bir fürsət əldə edəcək.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi (Bakı şəh.) XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcəkdir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

2010-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və CHINGIZ yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir. Müasir rəssam xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Bu sərgidə təqdim olunan "Saf tarix" installyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, "tabula rasa"-nın klassik nümünəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir.

Sərgini müşayiət edən sənədli filmdə CHINGIZ tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək. Sərginin açılışında layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, eləcə də müasir xalçaların müəllifi Çingiz Babayevin iştirakı planlaşdırılır.