Hikmət Babaoğlu: "Diplomatiya milli gücün beyni hesab olunur"
    • 9-07-2021, 17:55
    • 893

Hikmət Babaoğlu: "Diplomatiya milli gücün beyni hesab olunur"

Bu gün Azərbaycanın diplomatik xidmətinin yaradılmasından 102 il keçir. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair müvəqqəti təlimatın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib.

Millət vəkili Hikmət Babaoğlubu günlə bağlı fikirlərini News24.az-a bölüşüb:


“Diplomatiya milli gücün beyni hesab olunur. Milli gücün kəmiyyətlə keyfiyyət komponentlərinin məcmusu və o potensialın gücə çevrilməsi məhz diplomatiya ilə əlaqədardır. Diplomatiya həm də mümkün olmayanı mümkün etmə sənəti adlandırılır. Buna görə də dövlətlərarası beynəlxalq münasibətlərdə diplomatiya çox mühüm bir peşə kimi beynəlxalq nizamın keyfiyyətini təyin edən bir vasitədir. Sevindirici haldır ki, Azərbaycanda da çox peşəkar, öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, diplomatik müstəvidə ideya və fikir istehsal etməyi bacaran, xalqımızın, dövlətimizin diplomatiya sahəsində maraqlarını çox səmərəli şəkildə realizə etməyi bilən çoxsaylı diplomatik korpusumuz mövcuddur. Diplomatiya institutu şübhəsiz ki, hər bir ölkənin siyasi sistemi və onun müəyyənləşdirdiyi xarici siyasət strategiyası ilə üzvü şəkildə bağlıdır”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsasında duran, milli maraqlarımıza söykənən, universal və tarazlaşdırılmış xarici siyasətin həyata keçirilməsində milli diplomatlarımızın çox böyük rolu var: “Diplomatiyanın keyfiyyəti isə xalqı milli məqsədlərə çatdıran vasitə kimi çıxış etməkdədir. Ona görə də diplomatlar üçün bir günün ayrılması, onların peşə bayramının qeyd olunması da təqdirəlayiq bir hadisədir. Əgər, bəşəriyyəti beynəlxalq nizami xalqların platforması kimi qiymətləndirsək, onda diplomatik cəbhədə Azərbaycan adından savaşan məhz bizim diplomatlarımızdır. Bu işdə onların hər birinə uğurlar arzu edir, Azərbaycan diplomatiya institutunun daha da inkişaf etməsini və xalqımıza daha çox mənfəətlər gətirməsini diləyirik”.