Vətəni vəsf edən CƏSUR QƏHRƏMAN
    • 15-07-2021, 17:53
    • 653

Vətəni vəsf edən CƏSUR QƏHRƏMAN

Bu torpaq, bu el, bu haqq savaşı üçün canından keçən hər şəhidin, hər igidin öz tarixçəsi var. 

Dastan olan ömürlərinin  hər birindən bizə bir qəhrəmanlıq, bir şərəf salnaməsi yadigar qalıb.


Kimi od-alovun içində ölümü də gülə-gülə qarşılamaq üçün elədiyi zarafatı, kimi əzizilərinə ünvanladığı vida sözləri, təsirli kəlmələri, kimi şirin, canayaxın avazı, kimi də üzünün gülüşü, unudulmayacaq təbəssümü ilə ürəklərimizi fəth elədi.


Onun adı da yaddaşlarımza  “Vətən yaxşıdır” la həkk olundu. Bir də hər məqamda gülümsəyən çöhrəsiylə.

İndi hər “Xudayar” deyəndə gözümüzün qabağına mehriban gülüşü, dodağı qaçınca yanağı çökən yaraşıqlı, avtomatını bağrına basıb Vətəni vəsf edən cəsur oğlanın unudulmaz siması gəlir.

Çünki heç kimi o mahnını Xudayar qədər ürəyimizə yazmamışdı. Mahnıdakı Vətəni canı-qanı bilmək, onun müqəddəsliyinin ifadəsini kimsə bizə bu qədər yansıtmamışdı.  

Kimsə onu belə gözəl, unudulmaz təbəssümlə oxumamışdı.

Ürəklərimizin şəhidlərdən yandığı vaxtda bircə ağız avazıyla içimizdəki yanğıya su səpməmişdi. 
Xudayar bir dəfə oxudu və səsi, sədası bütün Azərbaycana yayıldı. O mahnı azad, yad tapdağından xilas olan torpaqlar üçün himnə, Qarabağ səmasında dolaşan şəhid ruhlarının  şərqisinə çevrildi.

Şəhadəti ilə ən uca məqama yüksəlüb könüllərdə taxt quran igidin Vətəni üçün son tərənnümü oldu.
Rahat uyu, siması da, qəlbi kimi gözəl şəhidim! Nə Vətən üçün oxuduğun o bəstə, nə sənin bu torpağa sevgin, nə onun özgürlüyü, xilası üçün tökdüyün qan unudulmayacaq! 

Şəhadəti ilə haqq savaşında Azərbaycana, doğruya, ilahi ədalətə yar olan Xudayar!

Rəna Cumaqızı