Qurbanlıq heyvanlar neçəyə satılır? - FOTOLAR
    • 16-07-2021, 18:04
    • 977

Qurbanlıq heyvanlar neçəyə satılır? - FOTOLAR

Qurban bayramına sayılı günlər qalıb. Niyyət edənlər, maddi durumu imkan verənlər bu bayramın ənənəsinə sadiq qalıb qurban kəsməyi planlaşdırırlar. 

Bəs, görəsən, heyvan satılan bazarlarda bayram öncəsi qiymətlər necədir?

News24.az olaraq bununla bağlı kiçik bir araşdırma apardıq.


İlk olaraq "Keşlə bazarı"ndakı kəsim məntəqəsində olduq. Hələ bayrama bir neçə gün qaldığından alıcı sayı o qədər də çox deyildi. Buna baxmayaraq, satıcılar bayrama tam hazırdılar. 

Qəssab Elnur Alışov bildirib ki, keçən ilə müqayisədə qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb: "Qiymət artımı yoxdur və düşünürəm, olmayacaq da. İndi qurbanlıq ətin 1 kilosu 13 manatadır, amma körpə quzunun qiyməti bir az daha bahadır, 14 manata. Böyük heyvanlar 25-32 manat arasında dəyişir, amma alıcılar üçün endirim edirik. Hələ ki, sifariş qəbul eməmişik. Ümid edirik, 3-4 günə alıcı sayında ciddi dəyişikliklər olacaq". 

Qəssab Razim Emilov isə bayram gününədək qiymətin bir qədər enəcəyini düşünür: "Hələ ki, alıcı sayı çox azdır, amma güman edirəm, artacaq. Çox sayda heyvan almışıq. Müştərini məmnun edəcəyik. Həm onlayn, həm də canlı növbə ilə işləyəcəyik. Qiymətə gəlincə deyim ki, çəkiyə görə dəyişir. Təqribən 12 kiloluq qurbanlıq 150 manatadır. Dana ətinin 1 kilosu 10 manatdır. Deyirlər ki, qurbanlıq ətin qiymətində artım var, amma yalan söhbətdir. Əksinə, ola bilsin ki, bir qədər də aşağı düşsün".

Satıcı Vəkalət Abbasov da ki, qurbanlıq qoyunun qiyməti 180-230 manat arasında dəyişdiyini deyir: "Qiymətlərimiz münasibdir. Bütün qurbanlıqlar məntəqələrimizdə "bismillah"la, dua oxunmaqla kəsilir. İri, ətli quzularımız da var,  20,15,14 kilolu qurbanlıqlar da. Qoyunlarımız əsasən Beyləqan, Füzuli, Bərdə və Ağcabədidən gətirilir".

Yollandığımız digər ünvan isə Binəqədi bazarı oldu.

Bazarın satıcısı Cəfər Nəbiyev bildirib ki, təmiz qurbanlıq ətin 1 kilosu 12, diri çəki isə 6 manat təşkil edir: "Təbii ki, qiymət heyvana görə dəyişir. Qurban kəsilmək üçün alınan heyvan gərək 1 yaşında olsun. Bu cür heyvan təqribi 15 kilodur. Onun da qiyməti təqribən 180 manat edir. Bazar qiymətləri qəssabxanadan daha aşağıdır. Keçən il onlayn olduğuna görə qurbanlarımızı sata bilmədik, amma bu il güman edirik ki, hər şey yaxşı olacaq".


Qeyd edək ki, iyulun 20 və 21-də qeyd olunacaq Qurban bayramı günlərində paytaxtın bir sıra ünvanlarında satış və kəsim məntəqələri fəaliyyət göstərəcək. Bununla yanaşı səyyar kəsim çadırlar da quraşdırılacaq. Vətəndaşlar səhər saat 8-dən axşam 8-dək məntəqələrə üz tuta və qurbanlığını əldə edə bilər. 

Onu da vurğulayaq ki, satış və kəsim məntəqələrində çalışan bütün əməkdaşlar COVİD-19 pasportu ilə işləyirlər. 

Sevda Bayramova
FOTO: Fərid Şabanov