DYP-dən sürücülərə xəbərdarlıq
    • 17-07-2021, 10:30
    • 524

DYP-dən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

News24.az -a daxil olan müraciətdə deyilir:

"Hazırda yay mövsümünün olması və havaların isti keçməsi ilə əlaqədar vətəndaşların bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələri üçün əlverişli şərait yaranmışdır. Qarşıdan gələn Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş gününün elan edilməsi şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilməsinə, televiziya, radio və sosial şəbəkələr vasitəsilə sürücülərə, piyadalara xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də yol hərəkəti qaydalarına biganə qalan, adi diqqətsizliyin, tələsgənliyin böyük faciələrə səbəb ola biləcəyini nəzərə almayan vətəndaşlarımıza rast gəlinir.

Elə son günlərdə nəqliyyat vasitələrinin toqquşması və piyadaların vurulması ilə nəticələnən ağır yol qəzalarının təhlili də deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yollarda sürət həddinə riayət etməmələri, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmaları, manevretmə qaydalarını kobud şəkildə pozmaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçməmələri və ən çox da yuxulu, yaxud əzgin, yorğun halda avtomobil idarə etmələridir.

Qeyd etməliyik ki, insan tələfatı ilə nəticələnən ağır qəzaların baş verməsində piyadaların da təqsiri az deyil, xüsusilə də günün qaranlıq vaxtlarında. Əfsuslar olsun ki, piyadaların gecə saatlarında yolu necə gəldi keçmələri, yaxınlaşan nəqliyyat vasitəsi sürücüsünün onu görüb-görməməsinin fərqinə belə varmadan yolun hərəkət hissəsinə çıxaraq hərəkət etmələri bir çox hallarda onların özlərinin həyatı bahasına başa gəlir".